Finlandiyada köhnə karxanada 380 milyon litr su ilə nəhəng istilik anbarı yaradılır

DÜNYA
20:56 / 15.11.2026
44

Finlandiyanın Hyuvinkyaa şəhərində keçmiş çınqıl karxanası dünyanın ən böyük açıq tipli istilik enerjisi anbarına çevrilir. Layihə çərçivəsində əraziyə 380 milyon litr su doldurulacaq. Məqsəd yay aylarında toplanan istiliyi qışda şəhərin isidilməsi üçün istifadə etməkdir.

HİT.az xəbər verir ki, bu barədə şəhərin istilik enerjisi şirkəti “Hyvinkään Lämpövoima Oy” məlumat yayıb.

Təxminən 47 min sakinin yaşadığı Hyuvinkyaa şəhərində yerləşən Kulomäki karxanasında yaradılan anbarın su ilə doldurulmasına 2026-cı ilin oktyabrında başlanılıb. Prosesin 2027-ci ilin aprelinədək davam etməsi, obyektin isə həmin ilin payızında istifadəyə verilməsi planlaşdırılır. Layihənin ümumi dəyəri 33 milyon avro qiymətləndirilir.

Nəhəng su anbarının dərinliyi təxminən 20 metr, sahəsi isə 225x165 metr olacaq. Bu ölçülər təqribən beş futbol meydançasının ərazisinə bərabərdir. Burada suyun temperaturu 40-90 dərəcə arasında saxlanılacaq.

Anbar bir dəfəyə 18 min meqavat-saat istilik enerjisi toplamaq gücünə malik olacaq. İl ərzində isə bu göstəricinin 90-100 min meqavat-saata çatacağı gözlənilir. Bu, Hyuvinkyaa şəhərinin illik istilik tələbatının təxminən dörddə birini ödəməyə imkan verəcək.

Sistem mövsümi prinsiplə işləyəcək. İsti aylarda su qızdırılaraq anbarda saxlanılacaq, qışda isə toplanmış istilik şəhərin istilik təchizatına yönəldiləcək. Beləliklə, enerji tələbatının və qiymətlərin yüksəldiyi soyuq aylarda əlavə istilik mənbəyindən istifadə mümkün olacaq.

Şirkətin baş direktoru Sanna Kütomyakinin sözlərinə görə, layihə sayəsində elektrik qazanlarında istehsal edilən daha ucuz enerjidən və təkrar istilik mənbələrindən daha səmərəli istifadə olunacaq. Bu da sakinlər və müəssisələr üçün istilik xərclərinin münasib səviyyədə saxlanmasına kömək edəcək.

Şirkət hesab edir ki, mövcud enerji qiymətləri nəzərə alınmaqla, yeni anbar hər il bir neçə milyon avroya qənaət etməyə imkan verəcək. Bundan başqa, layihənin şəhərin istilik təchizatı sistemində karbon qazı emissiyalarını ildə 4,4 min ton azaltması gözlənilir.

Layihənin hazırlanması və zəruri icazələrin alınması üç il yarımdan çox vaxt aparıb. Obyektin istifadəyə verilməsi ilə Finlandiyada bərpaolunan enerji və təkrar istilik mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində mühüm addım atılması nəzərdə tutulur.

Samir

0