Alimlər qədim dəniz canlılarının indiyədək aşkar edilməmiş qalıqlarının hansı ərazilərdə tapıla biləcəyini müəyyənləşdirmək üçün yeni geoloji xəritə hazırlayıblar. Tədqiqat gələcək paleontoloji ekspedisiyaların istiqamətini müəyyənləşdirməyə və az öyrənilmiş bölgələrdə axtarışları genişləndirməyə imkan verə bilər.
HİT.az xəbər verir ki, Bavariya Dövlət Paleontologiya və Geologiya Kolleksiyasından Tomas Noybauer və Vyana Təbiət Tarixi Muzeyindən Matias Hartshauzerin apardığı araşdırmanın nəticələri “Science Advances” jurnalında dərc olunub.
Tədqiqatçılar təxminən 540 milyon il ərzində dayaz dənizlərdə yaşamış çoxhüceyrəli heyvanların fosil tapıntılarını araşdırıblar. Bunun üçün beynəlxalq paleontoloji məlumat bazasındakı qeydlər geoloji xəritələrlə müqayisə edilib.
Alimlər müəyyən ediblər ki, bəzi ərazilərdə qədim həyatın izləri barədə məlumatlar kifayət qədər geniş olsa da, digər bölgələrdə ciddi boşluqlar mövcuddur. Lakin bu boşluqların olması həmin yerlərdə mütləq fosil tapılacağı anlamına gəlmir. Çünki axtarılan dövrə aid süxurlar zamanla məhv ola, torpaq altında qala və ya tədqiqat üçün əlçatmaz ola bilər.
Bu səbəbdən tədqiqatçılar yalnız fosil qeydə alınmayan əraziləri deyil, həm də uyğun geoloji qatların qorunub saxlandığı və araşdırılması mümkün olan yerləri müəyyənləşdiriblər.
Araşdırmanın nəticələrinə görə, bir çox geoloji dövr üzrə fosil tapıntılarının coğrafi əhatəsi artıq genişlənmənin müəyyən həddinə yaxınlaşıb. Yeni tədqiqatlar getdikcə daha çox əvvəllər araşdırılmış ərazilərə yönəlir. Bununla belə, bu, həmin bölgələrdə yaşayan bütün qədim növlərin artıq aşkar edildiyi demək deyil.
Alimlər xüsusilə təxminən 66 milyon il əvvəl başlayan Kaynozoy erasına aid fosil axtarışları üçün yeni imkanların qaldığını vurğulayıblar.
Hazırlanan xəritə gələcək ekspedisiyaların planlaşdırılmasına, eləcə də muzeylərdə saxlanılan, lakin hələ ətraflı araşdırılmamış paleontoloji kolleksiyaların müəyyənləşdirilməsinə kömək edə bilər. Tədqiqatçılar hesab edirlər ki, bu yanaşma qədim həyatın tarixindəki naməlum məqamların üzə çıxarılması üçün daha məqsədyönlü axtarışlara şərait yaradacaq.
Samir


