Fransa prezidenti Emmanuel Makron Ukraynanın NATO-ya üzv olmaq üçün kifayət qədər əsaslara malik olduğunu bildirib. O, Ukraynanın Avropanın təhlükəsizlik sistemində mühüm rol oynadığını vurğulayıb.
HİT.az xəbər verir ki, Makron bu barədə “X” sosial şəbəkəsindəki paylaşımında yazıb.
Fransa liderinin sözlərinə görə, Avropa Siyasi Birliyinin sammitində Avropanın təhlükəsizliyini müəyyənləşdirəcək prinsiplərlə bağlı bəyannamə qəbul edilib.
Sənəddə Ukrayna ordusuna dəstək verilməsi və atəşkəs əldə olunduqdan sonra ölkədə yerləşdirilə biləcək çoxmillətli qüvvələrin hazırlanması nəzərdə tutulur. Makron bildirib ki, hazırda Polşada keçirilən hərbi təlimlər Avropa ölkələrinin bu prosesə töhfə verməyə hazır olduğunu nümayiş etdirmək məqsədi daşıyır. Gələn həftə Berlində də bu istiqamətdə müzakirələr davam etdiriləcək.
Makron hesab edir ki, Avropa ölkələri müharibədən sonrakı dövr üçün gözləntilərini, o cümlədən ABŞ-dan Avropanın uzunmüddətli təhlükəsizliyi ilə bağlı nə gözlədiklərini açıq şəkildə müəyyənləşdirməlidirlər.
“Ukrayna Avropanın ən güclü ənənəvi silahlı qüvvələrinə malik ölkə kimi NATO ilə birlikdə mühüm rol oynayır. Onun Alyansın üzvü olmaq üçün bütün əsasları var”, – deyə Fransa prezidenti qeyd edib.
Makron əlavə edib ki, Avropanın əsas məqsədi Ukrayna üçün ədalətli və davamlı sülhə nail olmaq, bundan sonra isə qitədə ümumi təhlükəsizlik sistemini daha da gücləndirməkdir.
Samir


