Fransa Prezidenti Emmanuel Makron 2027-ci ildə keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə Ukraynaya bütün yardımları dayandıracağını bildirən “Milli Birlik” partiyasının parlament fraksiyasının rəhbəri Marin Le Penin mövqeyini tənqid edib.
HİT.az xəbər verir ki, bu barədə BFMTV Fransa prezidentinə yaxın mənbələrə istinadən məlumat yayıb.
Makron hesab edir ki, Parisin Kiyevə dəstəyi tamamilə dayandırması Fransanın Avropada təcrid olunmasına və ölkənin maraqlarına zidd vəziyyətin yaranmasına səbəb ola bilər.
Prezidentə yaxın mənbələrin sözlərinə görə, Makron Le Penin Ukraynaya göstərilən maliyyə dəstəyinin əsas hissəsinin Avropa tərəfindən təmin edildiyini və Fransanın yardımının daha çox əməliyyat xarakteri daşıdığını nəzərə almadığını düşünür.
“Əgər Marin Le Pen Ukrayna ilə bütün əlaqələri kəsmək qərarına gəlsə, bu, bizi Avropada təcrid edəcək. O, Fransanın maraqlarına qarşı hərəkət etmiş olacaq”, – mənbələr Makronun mövqeyini belə ifadə ediblər.
Fransa prezidentinin ətrafındakılar Parisin tərəfdaşlarının ölkədən daha fəal mövqe gözlədiklərini də bildiriblər. Onların sözlərinə görə, Avropa müttəfiqləri Ukraynaya qarşı sərt mövqe nümayiş etdirən siyasətçilərin hakimiyyətə gəlməsi ehtimalından narahatdırlar.
Mənbələr Le Penin vaxtilə Kremldə çəkdirdiyi fotoları və seçki kampaniyasını Rusiya banklarının kreditləri hesabına maliyyələşdirməsini də xatırladıblar. Onlar Ukraynanın maraqlarının Fransa və Avropanın təhlükəsizlik maraqları ilə əlaqəli olduğunu vurğulayıblar.
Makronun tərəfdarları onun ABŞ Prezidenti Donald Trampın Rusiya ilə münasibətlərdəki mövqeyini də birmənalı hesab etmədiyini bildiriblər. İtaliyanın Baş nazirinin müavini Matteo Salvininin Ukraynaya münasibətini isə Le Penin mövqeyi ilə müqayisə ediblər.
Qeyd edək ki, Makron bundan əvvəl də Ukraynaya maliyyə yardımının məhdudlaşdırılmasını müdafiə edənləri tənqid edib və ölkənin NATO-ya üzvlük üçün əsaslarının olduğunu bildirib. Le Pen isə oktyabr ayında Fransanın artıq Ukraynaya yardım göstərmək imkanlarının məhdudlaşdığını bəyan etmişdi.
Samir


