ABŞ-ın Florida ştatında alimlər uzunluğu təxminən 5 metr, çəkisi isə 67 kiloqram olan birman pitonundan digər ilanların aşkarlanması üçün istifadə edirlər. Tədqiqatçılar xüsusi radioötürücü ilə təchiz etdikləri ilanı Everqleyds bataqlığına buraxaraq onun vasitəsilə eyni növdən olan digər pitonların yerini müəyyənləşdirməyə çalışırlar.
HİT.az xəbər verir ki, bu barədə “Futura Sciences” nəşri məlumat yayıb.
Everqleyds ərazisi ABŞ-da ən ciddi ekoloji problemlərdən biri ilə üzləşib. Söhbət sürətlə çoxalan və sıx bitki örtüyündə asanlıqla gizlənə bilən birman pitonlarının yayılmasından gedir. Bu yırtıcılar bölgənin yerli heyvan növləri üçün ciddi təhlükə yaradır.
ABŞ Geoloji Xidməti (USGS) invaziv ilanlarla mübarizəni gücləndirmək məqsədilə yeni üsulu sınaqdan keçirir. Metodun mahiyyəti bəzi pitonların bədəninə cərrahi yolla radioötürücü yerləşdirmək, onları təbiətə buraxmaq və hərəkətlərini izləməkdən ibarətdir. Alimlər belə ilanları “kəşfiyyatçı” adlandırırlar.
Tədqiqatçılar xüsusilə çoxalma mövsümündə nəticə əldə etməyə ümid edirlər. Bu dövrdə erkək pitonlar cütləşməyə hazır olan dişilərin ətrafında toplaşır. Beləliklə, radioötürücü ilə izlənilən bir dişinin köməyi ilə eyni ərazidəki bir neçə ilanı aşkarlamaq və tutmaq mümkün olur.
Bu üsul 2019–2020-ci illərin çoxalma mövsümündə səmərə verib. Həmin vaxt təbiətdən ümumi çəkisi təxminən 2 270 kiloqram olan 86 yetkin piton çıxarılıb. Onların arasında 2 500-dən çox yumurta daşıyan 53 çoxalma qabiliyyətli dişi olub.
USGS-in araşdırmalarına görə, birman pitonları Ki-Larqo ağac siçovulu, mişar dimdikli leylək, arama və Florida ondatrası kimi yerli heyvanları ovlayır. Bu növlərin bəziləri qorunma altındadır, ağac siçovulunun isə nəsli kəsilmək təhlükəsi var.
Dronlar axtarışı asanlaşdıra bilər
Pitonların tapılması üçün bataqlıqlarda və sıx bitki örtüyündə uzun müddət piyada hərəkət etmək lazım gəlir. Radioötürücülərdən gələn siqnalların yerdən izlənilməsi çətin olduğundan alimlər pilotsuz uçuş aparatlarının imkanlarını da yoxlamağa qərar veriblər.
2026-cı ilin sentyabrında keçirilən sınaq zamanı Florida Universitetinin təcrübəçiləri radioötürücü yerləşdirilmiş, uzunluğu 4,88 metr, çəkisi 67 kiloqram olan dişi pitonu təbiətə buraxıblar. USGS mütəxəssisləri isə kiçik pilotsuz uçuş aparatının havadan radio siqnallarını nə dərəcədə effektiv müəyyən edə biləcəyini araşdırıblar.
Tapşırıqdan asılı olaraq dronlar radioqəbuledici və ya müşahidə kameraları ilə təchiz edilə bilər. Sınaqlar uğurlu olarsa, bu texnologiya axtarış xərclərini azaltmağa, ilanların yerini daha tez müəyyənləşdirməyə və çətin ərazilərdə çalışan mütəxəssislərin risklərini minimuma endirməyə kömək edə bilər.
Tədqiqatçıların qiymətləndirməsinə əsasən, xüsusi təlim keçmiş itlər pitonları insanlardan 2,5 dəfə daha effektiv tapır. Bununla belə, onların istifadəsi ərazinin xüsusiyyətlərindən və peşəkar kinoloqların mövcudluğundan asılıdır. Bu baxımdan dronların əlavə axtarış vasitəsinə çevriləcəyi gözlənilir.
USGS hələlik yeni metodun effektivliyi barədə yekun nəticə açıqlamayıb. Araşdırmalar Everqleyds Milli Parkı və Biq-Sayprəs Milli Qoruğunun mürəkkəb təbii şəraitində davam etdirilir.
Samir


