Sarkisyan və Köçəryan Paşinyanı əvəz edə bilər? - "Mümkün deyil" 

DÜNYA
15:10 / 27.11.2023
550

"İndiki məqamda Serj Sarkisyan və ya Robert Köçəryanın Nikol Paşinyanı əvəz etməsi, onun yerinə hakimiyyətə gətirilməsi inandırıcı deyil". 

Bu sözləri HİT.az-a açıqlama verən politoloq Turan Rzayev deyib. 

Onun sözlərinə görə bunun bir neçə səbəbi var:

"Birincisi, Paşinyanın Ermənistandakı dayaqları möhkəmdir və dəstəkçiləri kifayət qədər çoxdur. İkincisi, onun çox sayda xarici dəstəkçisi də var. ABŞ və Qərb başda olmaqla, bir çox dövlət Nikol Paşinyanı dəstəkləyir. Çünki onun indiki məqamda yürütdüyü siyasət Qərbə uyğundur. 

338701

Düzdür, Rusiya ilə Paşinyan arasında gərginlik var və bununla bağlı fikirlər də səsləndirilir. Yəni tərəflər arasında fərqli maraqlar mövcuddur. Amma bununla belə, erməni cəmiyyəti nə Sarkisyanı, nə də Köçəryanı qəbul etməyəcək. Üstəlik, Kreml də artıq həmin şəxslərə etibar etmir". 

Politoloq qeyd edib ki, Sarkisyan və Köçəryan öz missiyalarını bitiriblər:

"İndiki məqamda bu iki şəxsin hakimiyyətə gəlməsi real deyil. Bunun üçün də heç bir əsas yoxdur. Artıq onların Paşinyanı əvəzləməsi mümkün deyil. Hətta onların özlərinin və ya Rusiyanın da belə bir istəyi olduğunu zənn etmirəm. Nəzərə almaq lazımdır ki, Rusiya Ermənistanda yeni müxalifət yaradaraq, yeni sima ortaya çıxarmağa çalışır. Məsələn, bunu vaxtilə Ruben Vardanyanla etməyə çalışdılar, amma alınmadı".

Pərviz

0