Paşinyan Rusiya ilə münasibətləri düzəltməyə çalışır? - ŞƏRH

DÜNYA
14:28 / 29.11.2023
783

Nikol Paşinyan dekabrda Rusiyaya gedəcək. O, MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşündə və Avrasiya İqtisadi İttifaqının iclasında iştirak edəcək. Maraqlıdır ki, Ermənistan Roma Statutunu təsdiqləyib və son zamanlarda KTMT çərçivəsində keçirilən tədbirlərə qatılmayıb. 

Maraqlıdır, uzun müddətdir davam edən gərginliyin ardından Paşinyan Rusiyaya gedərək ikitərəfli münasibətləri düzəltmək üçün hansı addımları atacaq?

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən politoloq Rəşad Bayramov bildirib ki, uzun müddətdir KTMT iclaslarında iştirakdan imtina edən, hər çıxışında bu təşkilatı öz öhdəliklərini icra etməməkdə günahlandıran və dolayısı ilə Kremlə mesajlar verən Paşinyanın dekabrda Rusiyaya gedəcək olması ona yönəlik təzyiqləri azaltmaq istəyindən irəli gəlir:

338849

"Paşinyan bu gün Ermənistanın Rusiyadan və Avrasiya İqtisadi İttifaqının imkanlarından asılılığını kifayət qədər yaxşı başa düşür. O, buna görə də həmin görüşlərdə iştirakı məqbul hesab edib. Paşinyan həm də Ermənistan MDB və Avrasiya İqtisadi İttifaqının üzvü olaraq qalmaqda da maraqlı olduqlarının mesajını verməyə çalışır. Əslində onun başqa yolu da yoxdur.

Bu gün ABŞ, Fransa, Almanya kimi ölkələr Ermənistanın təhlükəsizliyi ilə bağlı hansısa zəmanət verməklə bağlı fikirlər bildirsələr belə əllərində Ermənistan iqtisadiyyatının Rusiyadan asılılığına son qoyacaq real imkanlar yoxdur. Faktiki olaraq, hansısa xarici ölkənin Ermənistanın Rusiya iqtisadiyyatından azad edə bilcəcək addımlar atması da mümkün deyil".

Ekspert söyləyib ki, bu gün Ermənistan iqtisadiyyatını Rusiyaya alternativ olaraq ayaqda saxlayacaq yeganə güc sərhəd ölkələridir:

"Ona görə də Qərb davamlı olaraq Ermənistan-Türkiyə sərhədlərinin açılmasında israr edir. Bunun əsas səbəbi də tədricən olsa da Rusiya iqtisadiyyatın neytrallaşmasıdır. Amma bu gün bunlar olmadığı üçün Paşinyan məcburi şəkildə MDB və Avrasiya İqtisadi İttifaqının iclaslarında iştirak edir. Bu, bir növ Qərbə də verilən mesajdır. 

Paşinyan Qərbə də demək istəyir ki, Ermənistanın Rusiyadan asılılığını aradan qaldırmaq üçün iqtisadi imkanlar yaratmaq lazımdır. Nə qədər ki, kollektiv Qərb bu imkanları yaratmaq iqtidarında deyil, o vaxta qədər Ermənistan məcburi şəkildə yenə əsas iqtisadi partnyoru olan Rusiya ilə münasibətlərini davam etdirməyə məhkumdur".

Politoloq hesab edir ki, Paşinyan səfəri zamanı Ermənistan-Rusiya münasibətlərini düzəltmək baxımından hansısa addımlar ata bilər:

"Rusiya tərəfi də davamlı şəkildə bununla bağı fikirlər bildirir. Amma Paşinyan yenə də KTMT ilə məsafə saxlamağa üstünlük verəcək. Çünki bu, Rusiyanın hərbi bazalarının Ermənistanın ərazisindən çıxarılmasını tələb edən Qərbin əsas diqtə etdiyi məsələlərdən biridir. Düşünürəm ki, Paşinyan ikili oyun oynamağa davam etmək istəyir. Amma bunun uzun müddətli perspektivdə nəticə verəcəyi də inandırıcı deyil".

Pərviz

0