Bir neçə gündür Qərb ölkələrinin Ukraynaya qoşun göndərə biləcəyi gündəmə gətirilir.
Buna səbəb isə Fransa Prezidenti Emmanuel Makronun bəyanatındır. O, Qərb qoşunlarını Ukraynaya göndərə biləcəklərini açıqlayıb. Bu açıqlama isə birmənalı qarşılanmayıb. Ekspertlərin böyük əksəriyyəti Makronun bu sözlərinin blef xarakterli olduğunu düşünür. Çünki əks təqdirdə, bu, Rusiya-NATO toqquşmasına gətirib çıxara bilər.
Ümumiyyətlə, indiki vəziyyətdə Qərb ölkələri Ukraynaya qoşun göndərə bilər? Bunu müharibədə iştirak edən dövlətlərin artmasına və hətta dünya müharibəsinə səbəb olacaq addım kimi dəyərləndirmək olar?
Mövzu ilə bağlı Hit.az-a açıqlama verən politoloq Rəşad Bayramov bildirib ki, Makronun Avropa qoşunlarının Ukraynaya göndəriləcəyi ilə bağlı bəyanatını ciddi hesab etmir:
"Çünki son iki ilin təcrübəsi onu göstərir ki, Qərb Ukrayna müharibəsində Rusiya ilə birbaşa qarşıdurmaya getməkdə maraqlı deyil. Ancaq kənardan maliyyə dəstəyi və ya silah-sursat təminatı ilə prosesdə iştirak edir. Qərbin öz qoşunları ilə Ukraynada müharibə meydanında olması NATO ilə Rusiya arasında birbaşa qarşıdarmaya səbəb ola bilər.
Bu isə indiki halda nə Rusiyanın, nə də alyans ölkələrinin marağındadır. Makronun Qərb qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı Avropa İttifaqı ölkələrində konsensusun olmaması haqda bəyanatı da bu məsələdə ciddi fikir ayrılıqları olduğunu göstərir".
Ekspert qeyd edib ki, əslində Fransa da bu məsələdə maraqlı deyil:
"Çexiya, Slovakiya və Macarıstanın rəhbərlərinin Ukraynaya ordu göndərməyəcəklərini açıqlaması da onu deməyə əsas verir ki, Avropa İttifaqında bu məsələ ilə bağlı yekdil fikir yoxdur. Əslində Avropa İttifaqının aparıcı dövlətləri olan Fransa və Almaniya belə Ukraynaya qoşun göndərməkdə maraqlı deyillər. Sadəcə olaraq bunu öz adlarından deyil, üçüncü ölkələrin mövqeləri kimi ortaya qoymaq onlara daha çox sərf edir".
Rəşad Bayramov diqqətə çatdırıb ki, Qərb Ukraynanın uzun müddətdir tələb etdiyi və ehtiyacı olduğu uzunmənzilli silahların verilməsini bu günə qədər təmin etmir:
"Belə bir vəziyyətdə Qərbin birdən-birə öz qoşunları ilə Ukraynanın müdafiəsində dayanacağı inandırıcı deyil. Hər kəs başa düşür ki, bu addım müharibədə birbaşa iştirak kimi qiymətləndirilə bilər. Onda isə Rusiyanın atacağı addımları proqnozlaşdırmaq mümkün olmayacaq.
Bu, hətta taktiki nüvə silahlarından istifadəyə qədər də gedib çıxa bilər. Bütün bu səbəblərə görə Emmanuel Makronun açıqlamasına rəğmən, Avropa İttifaqı ölkələrinin Ukrayna hərbi qüvvə göndərəcəyini zənn etmirəm".
Pərviz