Xamenei nüvə silahının yaradılmasını qadağan fitvasını ləğv edib? - ABŞ kəşfiyyatı

DÜNYA
17:14 / 11.10.2024
167

Amerika kəşfiyyatı hesab edir ki, İranın ali dini lideri Ayətullah Əli Xamenei nüvə silahının yaradılmasını qadağan edən 2003-cü ildə verdiyi fitvanın ləğvi barədə qərar verməyib. 

HİT.az xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyatı direktorunun ofisinin rəsmi nümayəndəsi "Reuters"ə şərhində bildirib. 

"Biz inanırıq ki, Ali Rəhbər İranın 2003-cü ildə dayandırdığı nüvə silahı proqramını bərpa etmək barədə qərar qəbul etməyib", deyə ABŞ kəşfiyyat rəsmisi bildirib.

Bundan əvvəl bildirilmişdi ki, İran parlamentinin 39 nəfərdən ibarət qrupu nüvə silahının hazırlanmasına icazə verilməsi üçün İranın Milli Təhlükəsizlik Ali Şurasına müraciət edib.

İran uzun müddətdir ki, nüvə proqramının sülhməramlı xarakterini qoruyur və onun məqsədinin enerji və tibbi texnologiyaların inkişaf etdirilməsi olduğunu iddia edir. İran və dünya gücləri arasında 2015-ci il nüvə sazişinə (Birgə Hərtərəfli Fəaliyyət Planı, JCPOA) əsasən, Tehran sanksiyaların ləğvi müqabilində nüvə fəaliyyətlərini əhəmiyyətli dərəcədə məhdudlaşdıracağına söz verib. Lakin ABŞ-ın 2018-ci ildə sazişdən çıxmasından və sanksiyaların bərpasından sonra İran öz öhdəliklərinə əməl etməyi tədricən azaldıb.

Son illər İranın nüvə proqramını öz təhlükəsizliyinə ciddi təhdid hesab edən İsrailin daimi təhdidləri fonunda vəziyyət daha da pisləşib. İsrail İranın nüvə silahı hazırlamasının qarşısını almaq üçün hərbi tədbirlər görməyə hazır olduğunu açıq şəkildə bəyan edib.

Samir
 

0