Trampın açıqlamalarından sonra Qəzzanın taleyi necə olacaq?

DÜNYA
09:51 / 07.02.2025
54

ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı açıqlamaları günlərdir dünyanın diqqət mərkəzindədir. 

Çünki ABŞ Prezidenti fələstinlilərin Qəzzada çıxarılmasını və oranın ölkəsinin nəzarətə veriləcəyi planını açıqlayıb:

"Hərbi əməliyyatlar başa çatdıqdan sonra İsrail Qəzza zolağını ABŞ-yə verməlidir. ABŞ yer üzündə ən böyük və möhtəşəm layihələrdən birinin həyata keçirilməsinə yavaş-yavaş başlaya bilər. Üstəlik, bu məqsədlər üçün heç bir ABŞ hərbçisinə ehtiyac olmayacaq".

Maraqlıdır, Trampın Qəzza ilə bağlı dünya gündəmini zəbt edən bəyanatları nəyə hesablanıb? O, həqiqətən dediyi planı həyata keçirə bilər? 

Politoloq Turan Rzayev Hit.az-a açıqlamasında bildirib ki, Donald Trampın Qəzza ilə bağlı dedikləri çiy layihədir:

367288

"Onun təklif etdiyi layihənin Qəzzadakı problemləri həll etməsi real görünmür. Qəzzada yaşayan fələstinlilər bu ərazinin qanuni sakinləridir. Onları təhlükəsizlik, antiterror və yaxud da münaqişənin həlli adı altında digər ölkələrə köçürmək cəhdləri regionda münaqişəni bitirməkdən çox, daha da alovlandıra bilər".

Ekspert qeyd edib ki, İsrail əvvəl təkcə HƏMAS-la mübarizə aparırdısa, indi bütün Fələstin xalqı və onlara dəstək verəcək Ərəb Dövlətləri Liqası və müsəlman ölkələri ilə mübarizə aparmalı olacaq:

"Bu isə indiki məqamda heç bir məntiqə sığmır. Ümumiyyətlə, bu tip yanaşmalar beynəlxalq hüquqa da ziddir. Beynəlxalq hüquqa görə Fələstin-İsrail münaqişəsi iki dövlət modeli ilə həllini tapmalıdır. Bu həlldə də Qəzza Fələstin ərazisi olaraq tanınmalıdır.

Əslində, Tramp administrasiyasının bundan əvvəl də məsələyə baxışı konstruktiv deyildi. Məsələn, Qüdsün İsrail paytaxtı kimi tanınması da ABŞ-nin bu münaqişədə kimi dəstəklədiyini göstərir. Lakin məsələ rəsmi Vaşinqtonun istəyi ilə bitmir. Artıq İordaniya, Misir, Səudiyyə Ərəbistanı və digər ölkələr buna qarşı etiraz edirlər. Yəni bu məsələ həm Ərəb Dövlətləri Liqası, həm də İslam Əməkdaşlıq Təşkilatına daşınıb". 

Politoloq diqqətə çatdırıb ki, burada Türkiyə faktorunu da nəzərə almaq lazımdır:

"Rəsmi Ankara da bu planı heç vaxt dəstəkləməz. Türkiyə illərdir ki, Qəzza məsələsində prinsipial mövqe sərgiləyir və İsrail ilə də gərginlik içərisindədir. Bu gərginliyin də bir məntiqi olmalıdır. Ankara Fələstin məsələsində mövqe dəyişdirməsi təbii olaraq regionda Türkiyənin imicinə zərər vurar. 

Lakin belə olacağını və Trampın Qəzza ilə bağlı planlarını həyata keçirə biləcəyini düşünmürəm. Nəzərə almaq lazımdır ki, Trampın Qrelandiya, Panama və Kanada ilə bağlı da müxtəlif vədləri var. Görünür, Tramp ya gündəmi qarışdıraraq nələrsə etməyə çalışır, ya ciddi risk alır. Amma Qəzza məsələnin ABŞ variantı ilə həlli real deyil".

Pərviz

0