Məlum olduğu kimi, Yer kürəsinin milyardlarla illik mövcudluğu ərzində quru səthi dəfələrlə dəyişib. Təxminən 300 milyon il əvvəl Pangea superqitəsi mövcud olub. “Popular Mechanics” nəşri xatırladır ki, ondan əvvəl isə daha üç nəhəng materik – Kolumbiya, Rodiniya və Qondvana mövcud olub.
HİT.az xəbər verir ki, bu barədə "Popular Mechanics" yazıb.
Qondvananın formalaşması isə mürəkkəb həyatın meydana çıxması ilə eyni dövrə təsadüf edib. Geniş yayılmış fikrə görə, Qondvana təxminən 750 milyon il əvvəl formalaşmağa başlayıb və təqribən 200 milyon il sonra, Kembri partlayışı kimi tanınan və genişmiqyaslı növəmələgəlmə ilə xarakterizə olunan geoloji dövrün başlanğıcından az əvvəl formalaşmasını başa çatdırıb.
“Science Advances” jurnalında dərc olunan yeni araşdırmada bu iki hadisənin bir-biri ilə sıx bağlı olduğu və Qondvana heç vaxt yaranmasaydı, Yer kürəsində həyat tarixinin tamamilə fərqli ola biləcəyi bildirilir.
Araşdırmanın həmmüəllifi, Kertin Universitetinin əməkdaşı Bill Kollinzın sözlərinə görə, XXI əsrdə Qondvananın superqitə statusu şübhə altına alınıb.
“Bu, superqitə statusunun əldə edilməsi üçün qitə quru sahəsinin ümumi ərazisinin 75 faizinin təşkilinin zəruri hesab edilməsi ilə bağlı idi. Halbuki Qondvana üçün ilkin göstərici 64 faiz təşkil edirdi”, – alim bildirib.
Beləliklə, Yer kürəsinin ümumi quru sahəsinin 64 faizini təşkil edən qitə kifayət qədər böyük görünsə də, superqitə hesab edilməsi üçün bu göstərici yetərli sayılmaya bilərdi.
Kollinz və onun komandası gözlənilməz kəşf ediblər. Onlar geoloji proseslərin mineralları necə formalaşdırdığını anlamaq üçün qranit nümunələri haqqında məlumat toplayırdılar. Təhlil göstərib ki, Himalayalardan götürülmüş qranit nümunələrinin yaşı təxminən 20-50 milyon ildir, lakin onların mənşəyi vahid kontinental blok – Qondvana ilə əlaqəlidir.
Tədqiqatçılar bu yeni quru parçasını təhlilə daxil etdikdən sonra Qondvananın Yer kürəsinin ümumi quru sahəsindəki payını təxminən 80 faiz qiymətləndiriblər.
Alimlər Qondvananın ilkin parçalarını Hindistan və Cənub-Şərqi Asiyadan başlayaraq Çinin böyük hissəsi və Qazaxıstana qədər uzanan ərazidə izləyiblər. Əvvəllər bu regionun böyük hissəsinin Sakit okeanda bu gün mövcud olanlara bənzər vulkanik ada zəncirlərinin yerləşdiyi qədim okean dibi olduğu düşünülürdü.
Araşdırmada bildirilir ki, daha böyük superqitənin formalaşması Yer kürəsini plitə tektonikasını yenidən qurmağa məcbur edib və müasir Sakit okeanın “Od halqası”nın sələfi olan vulkanik qövslər zəncirini yaradıb.
Formalaşdıqdan sonra bu vulkanik zəncir aktiv olub. Bu proses planetin soyuq və səhralaşmış qayalı səthdən həyatın ilk formalarının yaranmasına imkan verən isti mühitə tədricən çevrilməsinə səbəb olub.
Samir


