1998-ci ildə Alyaskada, Svift Krik çayının yaxınlığındakı qızıl yatağında işləyən mədənçi-buldozerçi Barri Kley tarixi tapıntıya imza atıb. O, çəkisi təxminən 9,14 kiloqram olan qızıl və kvarsdan ibarət təbii nümunə aşkarlayıb.
HİT.az xəbər verir ki, Kley buldozerlə çıxarılmış torpağın arasında qeyri-adi bir parça görüb və onu ekspertizaya təqdim edib. Mütəxəssislər bunun olduqca böyük qızıl külçəsi olduğunu təsdiqləyiblər.
Nümunə “Əsrin Alyaska külçəsi” adlandırılıb. Onun ölçüləri 17×14,5×11 santimetrdir. Qeyd olunur ki, bu, xalis qızıldan ibarət parça deyil. Təbii nümunənin tərkibində qızıl, kvars və digər qarışıqlar var. Səthinin təhlili qızılın orta saflığının təxminən 87,59 faiz olduğunu göstərib.
Tapıntıdan sonra nümunə şəxsi kolleksiyaya daxil edilib və 20 ildən çox orada saxlanılıb. 2021-ci ilin dekabrında isə hərraca çıxarılıb.
Qızıl külçəsi hərracın əsas lotu olub və nəticədə 750 min dollara satılıb. Qalib təklif internet vasitəsilə verilib.
Tapıntının qiyməti onun tərkibindəki qızılın dəyərindən xeyli yüksək olub. Buna səbəb nümunənin nadirliyi, ölçüləri, xarici görünüşü və tarixi mənşəyidir.
Alyaska Geoloji və Geofizika Xidmətinin məlumatına görə, “Əsrin Alyaska külçəsi” Alyaskada indiyədək tapılmış ən böyük qızıl külçəsi hesab olunur.
Samir


