Təkcə Avropa yox: Aralıq dənizi çimərlik istirahəti üçün ən ucuz istiqamətlər açıqlandı

DÜNYA
19:52 / 10.05.2025
54

Yay tətili mövsümünə yaxınlaşdıqca məşhur kurortlardakı qiymətlər sürətlə artır və buna görə də bir çox turistlər daha büdcəyə uyğun alternativlər axtarırlar.

HİT.az xəbər verir ki, turizm sahəsində ixtisaslaşmış “Travel Off Path” nəşrinin mütəxəssisləri bu yay Aralıq dənizi çimərlik istirahəti üçün dörd ən ucuz istiqaməti müəyyənləşdiriblər:

1. Blanes, İspaniya

Barselonanın qərbində, cəmi bir saatlıq məsafədə yerləşən Blanes, Aralıq dənizi sahilində yerləşməsinə baxmayaraq, hələ də çox tanınmayan bir şəhərdir. Təxminən 40 min nəfər əhalisi olan şəhər özünün Marimurtra botanika bağı, gizli çimərlikləri və tarixi abidələri ilə seçilir.

Şəhərin tarixi hissəsində XIV əsrə aid “İglesia-de-Santa-María” kilsəsi və “Kastilyo-de-San-Xuan” qalası yerləşir. Mərkəzdə yerləşən restoranda nahar 9–17 dollar, otel gecələməsi isə 66 dollar civarındadır.

2. Tanjer, Mərakeş

Çoxları üçün gözlənilməz olsa da, Aralıq dənizi yalnız Avropa ilə məhdudlaşmır. İspaniyanın cənubuna yaxın yerləşən Tanjer, Mərakeşin Aralıq dənizi sahilindəki canlı liman şəhəridir. Burada dar küçələr, tarixi qalalar və özünəməxsus kafe mədəniyyəti hökm sürür.

Şəhər mərkəzinə yaxın yerləşən Aşakkar çimərliyi turistlərə müxtəlif imkanlar təqdim edir. Burada bir porsiya Aralıq dənizi və Mərakeş mətbəxinə aid yeməklər təxminən 10 dollardır. Gecələmə qiymətləri isə 51 dollar civarındadır.

3. Kos adası, Yunanıstan

Türkiyə sahillərinə yaxın yerləşən Kos adası, Santorini və Mikonosla müqayisədə daha sakitdir. Şəhər qədim qalası, qədim yunan məbədləri və gözəl çimərlikləri ilə tanınır.

Burada ənənəvi yunan yeməklərindən ibarət nahar (məsələn, caciki, “apaki” və pivə) 15 dollara başa gəlir. “Rəssamlar qalası” kimi tarixi yerləri ziyarət və ya termal bulaqlarda çimmək isə pulsuzdur. Yaxınlıqda yerləşən yaxşı otellərdə bir gecəlik qiymət 56 dollardır.

4. Vlora, Albaniya

Adriatik dənizi sahilində yerləşən Vlora son illərdə turistlərin artan marağına səbəb olub. Bu il istifadəyə verilmiş yeni hava limanı və bərpa olunmuş tarixi mərkəz şəhəri daha da cəlbedici edir.

Şəhərdə XVI əsrə aid Osmanlı məscidi və təpədə yerləşən "Kaninə qalası” xüsusi maraq doğurur. Qızılı qumlu əsas çimərlikdə çoxsaylı kafe və dəniz məhsulları təqdim edən məkanlar var.

Bundan əlavə, bir qədər kənarda yerləşən Jale Beach adətən daha sakit və səssiz olur. Dəniz mənzərəli, üçnəfərlik lüks otel nömrəsində qalmaq isə cəmi 57 dollara başa gəlir.

Samir
 

0