ABŞ kəşfiyyatı İranın hərbi imkanlarının rəsmi Vaşinqtonun ictimai açıqlamalarında göstərildiyindən daha yüksək səviyyədə qaldığını bildirir.
HİT.az xəbər verir ki, bu barədə CBS News ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, aprel ayının əvvəlində atəşkəsin başladığı dövrdə İranın balistik raket arsenalının təxminən yarısı və müvafiq buraxılış qurğuları hələ də ölkənin sərəncamında olub.
Bu qiymətləndirmə ABŞ prezidenti Donald Tramp administrasiyasının əvvəlki açıqlamaları ilə ziddiyyət təşkil edir. Həmin açıqlamalarda İranın hərbi potensialının zərbələr nəticəsində ciddi şəkildə zəiflədiyi iddia olunurdu.
Mənbələrin bildirdiyinə görə, müəyyən zərərlərə baxmayaraq, Tehran hələ də raket sistemlərindən istifadə daxil olmaqla hərbi əməliyyatlar aparmaq qabiliyyətini qoruyur.
Materialda qeyd olunur ki, ABŞ kəşfiyyatının daxili qiymətləndirmələri ilə rəsmi siyasi bəyanatlar arasında İranın real hərbi vəziyyəti barədə nəzərəçarpacaq fərqlər mövcuddur.
Daha əvvəl ikinci danışıqlar raundu İranın nümayəndə heyətini Pakistana göndərməkdən imtina etməsi səbəbindən baş tutmayıb. Bunun nəticəsində ABŞ vitse-prezidenti Cey Di Vensin İslamabada planlaşdırılan səfəri də ləğv edilib.
Eyni zamanda bildirilir ki, ABŞ prezidenti Donald Tramp Pakistanın baş naziri Şahbaz Şərifin xahişi ilə İranla atəşkəs rejiminin müddətini uzadıb.
Samir


