İnsubriya Universitetinin astronomları müəyyən ediblər ki, Süd Yolu qalaktikasında mərkəzdən təxminən 35–40 min işıq ili məsafədə yeni ulduzların yaranması demək olar ki, dayanır.
HİT.az xəbər verir ki, tədqiqatın nəticələri “Astronomy and Astrophysics” (AA) jurnalında dərc olunub.
Alimlər bu nəticəyə 100 mindən çox ulduzun yaşını araşdıraraq gəliblər. Ənənəvi olaraq ulduzların yerləşməsi öyrənildiyi halda, bu dəfə tədqiqatçılar onların yaşına fokuslanıblar. Nəticədə maraqlı bir qanunauyğunluq üzə çıxıb: qalaktikanın mərkəzindən uzaqlaşdıqca ulduzlar əvvəlcə daha “cavan”, lakin müəyyən məsafədən sonra yenidən daha “yaşlı” olur. Bu asılılıq U formalı əyri yaradır.
Bu “qırılma nöqtəsi” qalaktikada mühüm sərhədi göstərir — təxminən 35–40 min işıq ili məsafədə ulduz yaranmasının intensivliyi kəskin şəkildə azalır. Başqa sözlə, Samanyolu qalaktikasında yeni ulduzların böyük hissəsi məhz bu sərhədin daxilində formalaşır, ondan kənarda isə proses demək olar ki, dayanır.
Bununla belə, bu sərhəddən kənarda da ulduzlar mövcuddur, lakin onlar əsasən yaşlı ulduzlardır. Alimlər bunu ulduzların zamanla doğulduqları yerdən kənara miqrasiya etməsi ilə izah edirlər.
Bu fenomenin səbəbi hələ tam aydın deyil. Ehtimallardan biri qalaktikanın mərkəzində yerləşən və qazın paylanmasına təsir edən uzunsov “bar” (mərkəzi çubuq) strukturudur. Bu struktur ulduzlar və qazdan ibarət olub, qalaktikanın spiral qollarını birləşdirən zolaq formasına malikdir.
Digər mümkün izah isə qalaktik diskın xarici hissələrinin əyilməsidir. Samanyolu qalaktikasının diski tam düz deyil: onun bir tərəfi yuxarı, digər tərəfi isə əks istiqamətdə əyilib. Bu da periferiyada ulduz yaranmasına təsir göstərə bilər.
Samir


