Alimlər nəhəng, bıçaq formalı iri darağa sahib yeni bir dinozavr növü aşkar ediblər. Bu canlı əvvəllər düşünüləndən daha uzaq daxili ərazilərdə yaşayıb. Bu tapıntı spinozavridlərin (Spinosaurus mirabilis) tamamilə su mühitində yaşadığı fikrini şübhə altına alır
HİT.az xəbər verir ki, bu barədə "Daily Galaxy" yazır.
Bildirilir ki, Çikaqo Universitetindən Pol Serono rəhbərliyindəki alimlər qrupu 2022-ci ildə Niger ərazisində fosil tapıb və aparılan ətraflı araşdırmalardan sonra belə nəticəyə gəlib ki, Spinosaurus mirabilis gözləniləndən daha çox quruya uyğun olub və okeanda deyil, daxili su hövzələrində ovlanıb.
Hər şey 2019-cu ildə başlayıb. O zaman alimlər Saharada darağın və çənə sümüklərinin hissələrini aşkar ediblər. Əvvəlcə bunun nə olduğu tam aydın olmayıb. Lakin 2022-ci ildə daha böyük komanda ilə geri dönən tədqiqatçılar əlavə fosillər taparaq bunun yeni bir növ olduğunu müəyyən ediblər.
Kəşf Nigerin uzaq, qədim sahil xətlərindən xeyli uzaq bir bölgəsində edilib.
“Bu tapıntı o qədər gözlənilməz və heyrətamiz idi ki, komanda üçün emosional bir an oldu. Tapdığımız sümüklərin 3D modelləri hazırlandıqdan sonra kəşfin miqyasını tam dərk etdik”, deyə Pol Serono xatırlayıb.
Spinosaurus mirabilis-in ən diqqətçəkən xüsusiyyəti onun nəhəng, əyri darağıdır. Alimlərin fikrincə, bu struktur keratinlə örtülü olub (insan dırnaqları kimi) və ehtimal ki, parlaq rənglərə malik idi. Darağın partnyor cəlb etmək və ya rəqibləri qorxutmaq üçün istifadə edildiyi düşünülür.
Uzun illər paleontoloqlar spinozavridlərin əsasən suda yaşadığını, vaxtlarının böyük hissəsini balıq ovlamağa sərf etdiyini düşünürdülər. Lakin Spinosaurus mirabilis bu nəzəriyyəni zəiflədir.
Təxminən 500–1000 km sahildən uzaqda, meşəlik və çaylarla zəngin ərazidə tapılan bu dinozavr, adətən qədim sahil zonalarında aşkar edilən spinozavr fosillərinin profilinə uyğun gəlmir.
Serono bu dinozavrı “cəhənnəm balıqçılıq quşu” kimi təsvir edib. Onun sözlərinə görə, bu canlı güclü ayaqları ilə 2 metr dərinliyə qədər suya girə bilirdi, lakin əsasən dayaz sularda ovlanırdı.
“Bu "cəhənnəm quşu" güclü ayaqları ilə dayaz sulara girərək böyük balıqları izləyirdi. Amma çox güman ki, vaxtının böyük hissəsini dayaz suda ovlanmağa sərf edirdi”, deyə alim qeyd edib.
Dinozavrın bir-birinə sıx bağlanan xüsusi dişləri sürüşkən ovunu tutmağa imkan verirdi. Bu isə onun dayaz sularda yüksək səviyyəli ovçu olduğunu göstərir və spinozavridlərin tamamilə su canlıları olmadığı fikrini daha da gücləndirir.
Samir


