2026-cı il məzuniyyət mövsümü İranda münaqişənin nəticələri fonunda yeni çağırışlarla üzləşib. Çox sayda insanın səfərlərinin risk altına düşməsi turistləri həm planlama, həm də maliyyə baxımından daha ehtiyatlı davranmağa məcbur edir.
HİT.az xəbər verir ki, təcrübəli səyahət eksperti Keyt Pasola “Which? Travel” nəşrinə bu yay məzuniyyət planlayarkən heç vaxt etməyəcəyi səkkiz vacib səhvi açıqlayıb.
“Son aylarda Yaxın Şərqdə hava məkanının və hava limanlarının bağlanması səbəbindən reyslər gecikir və ya ləğv olunur. Avropada isə yeni biometrik sərhəd yoxlamaları bəzi ölkələrdə xaos yaradır”, deyə o bildirib.
Səkkiz yay səyahət səhvi
1. Əlavə ödəniş şərtlərini yoxlamadan bron etmək
Ekspert bildirir ki, aviasiya yanacağının bahalaşması nəticəsində paket turlar artıq bron edildikdən sonra belə bahalaşa bilər. Bəzi hallarda tur operatorları müqavilə əsasında əlavə məbləğ tələb edə və müştəriyə pulsuz ləğv hüququ verməyə bilər.
2. Reys pozulması qorxusuna görə səfəri əvvəlcədən ləğv etmək
Pasolanın sözlərinə görə, sərnişin özü könüllü şəkildə səfəri ləğv edərsə, kompensasiya hüququnu itirir. O, aviaşirkətin rəsmi ləğv qərarını gözləməyi tövsiyə edir.
“Eyni şey yerləşmə üçün də keçərlidir. Bronu ləğv etməyin, əvəzində platforma üzərindən otellə əlaqə saxlayın”, deyə o əlavə edib.
3. Səyahət sığortasını gec almaq
Ekspert xəbərdarlıq edir ki, sığortanın gec alınması riskləri artırır və qiymət də azalmır.
4. Çevik ləğv imkanı olmayan yerləşmə seçmək
O vurğulayır ki, pulsuz və ya qismən geri ödənişli ləğv imkanı olan otellər və platformalar daha təhlükəsiz seçimdir.
5. Turist vergilərini nəzərə almamaq
Bir çox ölkələrdə gecələmə vergiləri, liman rüsumları və muzey giriş haqları kimi əlavə ödənişlər ümumi xərci əhəmiyyətli dərəcədə artıra bilər.
6. Overbukinq zamanı könüllü olaraq reysdən imtina etmək
Pasola qeyd edir ki, aviaşirkətlər bəzən könüllü imtinanı daha ucuz kompensasiya ilə həll edir. Bu isə sərnişinin əlavə hüquqlardan da məhrum olmasına səbəb olur.
7. Hava limanına iki saatdan az vaxt qalmış gəlmək
Biometrik yoxlamalar və mümkün gecikmələr səbəbindən ekspert ən azı iki saat əvvəl hava limanında olmağı tövsiyə edir.
8. Naməlum zəng, e-poçt və ya SMS-lərlə ödəniş etmək
Son dövrlərdə saxta mesaj və zənglərlə turistlərin aldatılması halları artıb. Ekspert məsləhət görür ki, bütün ödənişlər yalnız rəsmi sayt və şəxsi hesablar vasitəsilə yoxlanıldıqdan sonra həyata keçirilsin.
“Əgər sizə ödənişlə bağlı zəng gəlibsə, telefonu söndürün və şirkətin rəsmi nömrəsi ilə özünüz əlaqə saxlayın”, deyə Pasola bildirib.
Samir


