Müctəba Xamenei həyatda deyil? – OLAY AÇIQLAMA

DÜNYA
12:47 / 28.04.2026
131

İranın ali dini lideri Müctəba Xameneinin həyatda olub-olmadığı uzun müddətdir müzakirə olunmağa davam edir.

Lakin İrandakı son olay bu müzakirələri daha da qızışdırıb. Belə ki, Məşhəd şəhərindəki xatirə divarına son müharibə zamanı öldürülən yüksək rütbəli şəxslərin fotoları yerləşdirilib. Həmçinin, həmin divarda daha əvvəl ölən Ruhullah Xomeyni, Qasım Süleymani və İbrahim Rəisinin də fotoları yer alıb. Sözügedən fotoların arasında Müctəba Xameneinin də olması gündəm olub. Çünki həmin divarda yaşadığı deyilən yeganə şəxs məhz odur. Bu da təbii ki, ali dini liderin həyatda olmadığı iddialarının güclənməsinə səbəb olub. İrandan isə məsələyə hər hansısa reaksiya verilməyib. 

Maraqlıdır, Müctəba Xamenei həyatdadır, ya yox?

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən siyasi şərhçi Elman Cəfərli bildirib ki, Məşhəddə keçirilən vida mərasimində Müctəba Xameneinin şəklinin Ruhullah Xomeyni, Əli Xamenei, Qasım Süleymani və İbrahim Rəisi ilə birlikdə “Şəhidlər divarı” deyilən yerə asılması təsadüfi deyil:


“Müctəbanın 28 fevral bombardmanı zamanı atası ilə birlikdə olduğu və ağır yaralandığı bildirilirdi. O vaxtdan bəri ortalıqda yoxdur. Onun Moskvada müalicə aldığı deyilirdi. Bəzi məlumatlara görə, Müctəba ciddi yaralanmış, bir sıra bədən üzvlərini itirmişdi. Konkret olaraq, onun ayağının amputasiya olunduğu deyilirdi. Qərb mənbələrinin məlumatında deyilirdi ki, Müctəba tənəffüs aparatına qoşulub, şüuru yerində deyil, qərar vermək qabiliyyəti yoxdur”.

Onun sözlərinə görə, İranı faktiki idarə edən SEPAH-a Müctəba Xameneinin təkcə adı lazım idi:
“Daha doğrusu soyadı. Yəni “böyük şeytan” ABŞ-yə, “kiçik şeytan” İsrailə göstərsinlər ki, Əli Xameneyi ölsə də, İranı yenə Xameneyi idarə edir. “Vilayəti-fəqih” yerindədir, sistem dağılmayıb. Lakin bu boşuna göstərilən cəhddir. Əli Xameneinin ölümü ilə İranda yeni bir mərhələ başlanıb. Əli Xamenei həm dini lider, həm də siyasi xadim idi. Olduqca intirqant siyasi oyunçu olan Əli Xamenei saray daxili çəkişmələri yaxşı bilir, qüvvələr arasında balans yarada bilirdi. İnqilabın ikinci adamı olan Əli Xamenei öldükdən sonra ondan qalan boşluğu doldurmaq çətin olacaq. 


Müctəba isə onun yerini verə bilməz. Müharibə dövründə də onun yerinə başqasını seçmək düzgün olmazdı. Amma artıq müharibə bitib, yeni dövr başlanıb. Hazırda məlum və açıq mənbələrə görə Müctəba Xameneinin öldüyünə dair təsdiqlənmiş informasiya yoxdur. Amma ola bilər ki, Müctəba ölüb və SEPAH bu cür metodlarla ictimaiyyəti onun ölüm xəbərinə hazırlayır”.

Elman Cəfərli qeyd edib ki, hazırda İranı SEPAH idarə edir:
“SEPAH olmasa hakimiyyətin qollarından heç biri iqtidarı qoruyub saxlaya bilməz. Daxili çaxnaşmalar rejimi bitirər. SEPAH-ın yaratdığı qorxu mühiti rejimin əsas silahıdır. Ola bilsin ki, hazırda yeni liderin namizədliyi müzakirə olunur. İranda rəhbəri seçən Xubrəqan Məclisi 87 ruhani təmsil olunur. 

Onların arasında Əhməd Cənnəti, Əlirza Ərafi, Möhsün Əraki, Əhməd Ələmülhoda kimi nüfuzlu dini xadimlər var. SEPAH onlardan birini nominal rəhbər elan edib ölkəni özü idarə edə bilər. Hələlik İranda ən güclü qurum məhz SEPAH-dır. ABŞ ilə sülh əldə olunsa bu qurumun əli bir az da güclənəcək. Yay aylarında asanlıqla yeni rəhbəri seçə və elan edə biləcəklər”.

Elmir Mustafa
 

0