Mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan və yaxın zamanda Rusiya bayrağına keçən dörd tanker “kölgə donanması”na aid ola bilər və ehtimal ki, Arktikaya doğru hərəkət edir. Bu gəmilərin ABŞ sanksiyaları altında olan Rusiya layihələrindən LNG ixracını artırmaq üçün istifadə edilə biləcəyi bildirilir.
HİT.az xəbər verir ki, “Bloomberg”in məlumatına görə, “Kosmos”, “Luch”, “Orion” və “Merkuri” adlı tankerlər Atlantik okeanı ilə şimala doğru hərəkət edir. Onlardan biri Murmansk limanına istiqamətlənib. Bu liman ABŞ sanksiyaları altında olan “Arctic LNG 2” layihəsinin qazının saxlandığı “Saam” üzən qaz anbarına yaxın yerləşir.
“Equasis” gəmi məlumat bazasının göstəricilərinə əsasən, həmin tankerlər mart və aprel aylarında əvvəlcə sahiblik dəyişikliyindən sonra Rusiya bayrağına keçirilib. Bundan əvvəl onlar “Oman Ship Management Co.” və ya onun törəmə şirkətlərinə məxsus olub.
“Bloomberg” qeyd edir ki, bu tankerlər “kölgə donanması”nın tərkib hissəsi ola bilər. Nəşrin məlumatına görə, gəmilər tipik LNG daşıyıcılarından daha köhnədir və son dövrlərdə qeyri-şəffaf vasitəçilər üzərindən naməlum şirkətlərə ötürülüb. Agentliyin təhlilinə əsasən, ən azı 16 tanker sanksiya altında olan Rusiya layihələrindən LNG daşımalarında iştirak edib.
Bildirilir ki, bu tip tankerlər əvvəllər də Rusiya bayrağına keçərək potensial qorunma əldə etməyə çalışıb. “Bella 1” adlı neft tankerinin ekipajı Atlantik okeanında ABŞ qüvvələrindən qaçarkən gövdəyə Rusiya bayrağı çəkmişdi, lakin bu, gəminin saxlanmasının qarşısını almayıb.
Buna baxmayaraq, Avropa İttifaqı və ABŞ sanksiyalarına baxmayaraq Rusiya enerji ixracı üçün “kölgə donanması”ndan istifadəni davam etdirir. Lakin daşınma xərclərinin əhəmiyyətli dərəcədə artdığı bildirilir. Almaniya kansleri Fridrix Merz Rusiya “kölgə donanması”na qarşı yeni tədbirlər hazırladığını açıqlayıb.
Samir


