ABŞ kəşfiyyatı Trampın "qələbə" elan edəcəyi halda İranın reaksiyasını qiymətləndirir

DÜNYA
14:57 / 29.04.2026
38

ABŞ xüsusi xidmət orqanları Ağ Evin tapşırığı ilə Donald Trampın iki aylıq müharibədə birtərəfli qaydada “qələbə” elan edib ABŞ qoşunlarını bölgədən çıxarma ssenarisinə İranın mümkün reaksiyasını araşdırır.

HİT.az xəbər verir ki, bu barədə "Reuters" yazıb.

Mənbələrin bildirdiyinə görə, kəşfiyyat ABŞ-ın münaqişədən geri çəkilməsinin nəticələrini qiymətləndirir. Bu addım Vaşinqtonda artıq siyasi mübahisələr doğurub. Trampın bəzi müşavirləri uzunmüddətli müharibənin Respublikaçıların gələcək aralıq seçkilərdə mövqeyinə mənfi təsir edə biləcəyindən narahatdır.

“Reuters/Ipsos” sorğusuna əsasən, amerikalıların yalnız 26 faizi hərbi kampaniya xərclərini əsaslı hesab edir, 25 faizi isə bunun ABŞ-ın təhlükəsizliyini artırdığını düşünür.

Kəşfiyyatın qiymətləndirməsinə görə, Tehranın reaksiyası Vaşinqtonun addımlarının formatından asılı olacaq. Əgər ABŞ qələbə elan edərək qoşunlarını tam çıxarsa, İran bunu öz siyasi uğuru kimi təqdim edə bilər. ABŞ hərbi mövcudluğunun saxlanılması isə ya qarşıdurmanın davamı, ya da taktiki addım kimi qiymətləndirilə bilər.

Əvvəllər elan olunan atəşkəsə baxmayaraq, vəziyyət gərgin olaraq qalır. Dünya neft tədarükünün təxminən 20 faizinin keçdiyi Hörmüz boğazı faktiki olaraq bloklanmış vəziyyətdədir və bu da enerji qiymətlərinə təzyiqi artırır.

Diplomatik proses də dayanıb: məlumatlara görə, Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və müşaviri Cared Kuşnerin İran tərəfi ilə danışıqlara səfəri ləğv edilib.

Vaşinqtonda, mənbələrin bildirdiyinə görə, İranın hərbi obyektlərinə və rəhbərliyinə yeni hava zərbələri ehtimalı hələ də nəzərdən keçirilir. Lakin genişmiqyaslı quru əməliyyatı hazırda az ehtimal olunan ssenari sayılır.

Eyni zamanda İran döyüşlərin fasiləsindən istifadə edərək bəzi hərbi ehtiyatlarını bərpa edib ki, bu da mümkün yeni eskalasiya üçün vəziyyəti daha da mürəkkəbləşdirir.

Samir
 

0