Çinli nazir Tayvanı ABŞ-la münasibətlərdə "əsas risk" adlandırdı

DÜNYA
14:15 / 01.05.2026
53

Çinin xarici işlər naziri Van İ ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı zamanı Tayvan məsələsini Çin–ABŞ münasibətlərində “əsas risk” adlandırıb və Vaşinqtonu “düzgün seçim etməyə” çağırıb. 

HİT.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Van İ bildirib ki, Tayvan məsələsi Çinin əsas maraqlarına birbaşa aiddir. Onun sözlərinə görə, ABŞ “öz vədlərinə sadiq qalmalı” və Çinlə əməkdaşlıq üçün “düzgün qərar verməlidir”.

Diplomat qeyd edib ki, bu addımlar Çin–ABŞ əməkdaşlığı üçün yeni imkanlar aça və dünyada sülhə töhfə verə bilər.

Telefon danışığı Pekində may ayının ortalarında gözlənilən ABŞ prezidenti Donald Tramp ilə Çin lideri Si Cinpin arasında planlaşdırılan sammitdən bir neçə həftə əvvəl baş tutub. Müşahidəçilərə görə, Tayvan məsələsi görüşün əsas gündəm maddələrindən biri olacaq.

Daha əvvəl bildirilmişdi ki, Tayvan Çinə məxsus hərbi gəmilərin strateji Penghu adaları yaxınlığında görünməsindən sonra döyüş hazırlığını artırıb. Tayvan Müdafiə Nazirliyinin məlumatına görə, 27 aprel axşamı Çin esminesi və freqatı adaların cənub-qərbindəki sularda müşahidə edilib. Daha sonra Çin hərbi gəmilərinin sayı 9-a çatıb, havada isə 22 hərbi təyyarə qeydə alınıb.

Tayvan tərəfi vəziyyəti daimi nəzarətdə saxladığını və dəniz-hava qüvvələri ilə cavab tədbirləri gördüyünü açıqlayıb. Pekin isə bu fəaliyyətləri “əsaslı və zəruri” adlandıraraq, gərginliyə görə Taypey hökumətini ittiham edib.

Tayvan prezidenti Lay Cin-te bu cür əməliyyatları “boz zona taktikası” adlandıraraq, onların açıq müharibəyə keçmədən müdafiə qüvvələrini zəiflətməyə yönəldiyini bildirib. Onun sözlərinə görə, “psixoloji təzyiq hər gün artır”.

Tayvan hazırda sahil mühafizəsini gücləndirməyi planlaşdırır.

Samir

0