Polşa Silahlanma Agentliyi “Bydgoskie Zakłady Elektromechaniczne Belma” şirkəti ilə MN-123 tipli tank əleyhinə minaların tədarükünə dair genişmiqyaslı müqavilə imzalayıb. Razılaşma çərçivəsində on minlərlə komplektin alınması nəzərdə tutulur ki, bu da faktiki olaraq yüz minlərlə döyüş sursatı deməkdir.
HİT.az xəbər verir ki, bu barədə Defence Express yazır.
Müqavilənin ümumi dəyəri təxminən 3,4 milyard zloti (təqribən 933,8 milyon ABŞ dolları) təşkil edir. Minaların dəqiq sayı rəsmi olaraq açıqlanmayıb, lakin söhbətin böyük həcmli arsenal yenilənməsindən getdiyi bildirilir.
MN-123 minaları Baobab ailəsinə aid minaqoyucu sistemlərlə istifadə üçün nəzərdə tutulub və geniş ərazilərdə sürətlə mina sahələri yarada bilir. İstehsalçının məlumatına görə, bir sistem bir dövr ərzində 600-ə qədər mina yerləşdirə bilir və cəmi 22 dəqiqə ərzində 1,8 kilometr uzunluğunda mina sahəsi formalaşdırır.
Bundan əlavə, Polşa artıq mina imkanlarının genişləndirilməsi proqramını da həyata keçirir. Daha əvvəl Baobab-G tipli minaqoyucu sistemlər (Krab özüyeriyən artilleriya qurğusunun şassisi üzərində) və 24 ədəd Baobab-K təkərli sistem sifariş edilib. Onların tədarükü yaxın illərdə planlaşdırılır.
Eyni zamanda, bəzi sursatlar mövcud ISM Kroton sistemləri ilə də istifadə oluna bilər ki, bu da yeni texnikanın gəlməsini gözləmədən mina imkanlarının operativ şəkildə artırılmasına imkan verir.
Texniki xüsusiyyətlərinə görə MN-123 minaları kumulyativ döyüş başlığı, təmassız detonator və proqramlaşdırıla bilən özünüməhvetmə sistemi ilə təchiz olunub. Bu isə idarə olunan mina sahələrinin yaradılmasına və onların fəaliyyət müddətinin nəzarətdə saxlanmasına imkan verir.
Samir


