Britaniya Avropa ilə birlik və Aİ ilə həyati əhəmiyyətli əlaqələr axtarır - KİV

DÜNYA
14:14 / 04.05.2026
42

Böyük Britaniyanın Baş naziri Kir Starmer Avropa liderlərinin sammiti çərçivəsində Fransa Prezidenti Emmanuel Makronu London ilə Avropa İttifaqı arasında əlaqələrin yaxınlaşdırılması məsələsində lobbiçilik etməyi planlaşdırır. Bildirilir ki, o, Ermənistanda keçiriləcək Avropa Siyasi Birliyi (ASB) sammitində bir sıra görüşlərdən istifadə edərək daha dərin inteqrasiyanı gündəmə gətirəcək.

Hit.az xəbər verir ki, bu barədə "The Times" yazır

Səfərdən əvvəl Starmer İran müharibəsinin “ölkənin inkişafını ləngitdiyini” bildirib və “Aİ ilə iqtisadi əlaqələrin dərinləşdirilməsinin” vacibliyini vurğulayıb. Son aylarda o, Brexit məsələsində daha sərt mövqe nümayiş etdirərək Leyborist Partiyası daxilində dəstək qazanmağa çalışır.

Brexit nəticələrinin yenidən nəzərdən keçirilməsi

Baş nazir Britaniyanın qanunvericiliyinin Aİ hüququnun böyük hissəsi ilə könüllü şəkildə uyğunlaşdırılmasını təklif edib. Tənqidçilər bunu faktiki olaraq vahid bazara geri dönüş kimi qiymətləndirirlər. Gözlənilir ki, kral III Çarlzın növbəti taxt nitqində Avropa qaydalarının geniş sahələrdə tətbiqinə icazə verəcək qanun layihələri yer alacaq.

Starmer öz açıqlamasında bildirib: “Dünya 2016-cı ildən bəri köklü şəkildə dəyişib. Brexit iqtisadiyyata zərər vurduğunu indi görürük. Buna görə də milli maraqlarımızın harada olduğunu dəqiq bilirəm – bu, Avropa ilə daha sıx iqtisadi əlaqələrdir”.

O, ASB çərçivəsində Makronla iki görüş keçirməyi və digər Avropa liderləri ilə danışıqlar aparmağı planlaşdırır.

Ukraynaya maliyyə dəstəyi və müdafiə müqavilələri

Sammitdə Starmer həmçinin Avropa liderləri ilə Ukraynaya 90 milyard avroluq kredit proqramına Britaniyanın qoşulması barədə danışıqlara başlayacaq. Razılaşma əldə olunarsa, Böyük Britaniya faiz ödənişlərinin bir hissəsini qarşılayacaq və əvəzində 60 milyard avroluq müdafiə sifarişlərinə çıxış əldə edəcək.

Starmer qeyd edib ki, Böyük Britaniya və Aİ birlikdə işlədikdə nəticələr daha güclü olur və hazırkı qeyri-sabit dövrdə müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi vacibdir.

Ukrayna prezidenti Volodimir Zelenski də daxil olmaqla 45-dən çox liderin iştirak edəcəyi görüşdə bu təşəbbüs müzakirə olunacaq.

Enerji razılaşmaları və kredit mexanizmi

Britaniyanın kredit proqramına qoşulması ilə bağlı danışıqlar Macarıstanın baş naziri Viktor Orbanın mövqeyinin dəyişməsindən sonra irəliləyib. Uzun sürən bloklamadan sonra Budapeşt razılıq verib və bu, kredit mexanizminin irəliləməsinə şərait yaradıb.

Proqramın əsas hissəsi Ukraynaya hərbi yardım üçün nəzərdə tutulur və növbəti iki il ərzində ciddi maliyyə dəstəyi təmin edəcək.

Perspektivlər və milli maraqlar

Britaniya rəsmiləri hesab edirlər ki, bu razılaşma həm Ukraynaya dəstək, həm də yerli müdafiə sənayesinə sifarişlər qazandıracaq. Starmer bildirib: “Mən hər zaman milli maraqlarımızı qoruyacağam – təhlükəsizliyi təmin etmək, müttəfiqləri dəstəkləmək və ölkədə iş yerləri yaratmaq”.

Məlumata görə, Aİ ilə mümkün razılaşma ilin sonuna yaxın keçiriləcək mühüm sammitdə elan oluna bilər. Hökumət Brexit sonrası münasibətlərin yenidən qurulması üçün Aİ qaydalarına, o cümlədən qida təhlükəsizliyi, karbon emissiyaları və enerji bazarlarına dair standartlara uyğunlaşmanı nəzərdən keçirir.

Hökumət isə bildirir ki, bu addımlar yalnız iqtisadi artımı sürətləndirmək məqsədi daşıyır.

Samir

0