Ukraynalı F-16 pilotları GPS olmadan "kor-koranə" döyüşməyi öyrənirlər - BI

DÜNYA
18:30 / 06.05.2026
37

Böyük Britaniyada ilkin uçuş hazırlığı keçən ukraynalı aviatörlər peyk naviqasiyasının tam olmadığı şəraitdə təyyarə idarəetmə bacarıqlarını mənimsəyirlər. 

HİT.az xəbər verir ki, bu barədə “Business Insider” məlumat yayıb.

Məqalədə qeyd olunur ki, pilotlar başlanğıcdan etibarən döyüş meydanında üstünlük təşkil edən Rusiya elektron müharibəsi (REB) ilə sərt qarşıdurmaya hazırlanır. Məlumata görə, Kral Hərbi Hava Qüvvələrinin rəhbərliyi altında keçirilən bir aylıq kurs zamanı kursantlara istiqamət tapmaq üçün GPS kimi rəqəmsal sistemlər əvəzinə çaylar, dağlar və digər relyef xüsusiyyətlərindən istifadə etmək öyrədilir.

Ukraynalı kursantlardan biri bildirib ki, aşağı hündürlükdə GPS-dən tam asılı olmadan uçmağı öyrənmək çox vacibdir. Onun sözlərinə görə, Qərb pilotları üçün bu yalnız ehtiyat ssenaridirsə, Ukrayna üçün gündəlik döyüş reallığıdır. Rusiya qüvvələri aktiv şəkildə siqnalları bloklayır, bu isə təyyarələrin, dronların və silahların tuşlama sistemlərinin işinə mane olur.

Böyük Britaniyanın Kral Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi, hava marşalı Harvi Smit bildirib: “Söhbət onların üzərində qurulacağı təməlin yaradılmasından gedir”.

Məlumata əsasən, artıq 50-dən çox ukraynalı bu hazırlıq mərhələsini keçib və mürəkkəb manevrlər, cüt uçuşlar və hədəflərə imitasiya edilmiş zərbələr endirmə bacarığını nümayiş etdirib.

Qeyd olunur ki, bu təcrübə pilotlar ABŞ istehsalı olan “Fighting Falcon” qırıcılarına keçdikdən sonra kritik əhəmiyyət daşıyacaq.

Kursantlardan biri uzun illər bu anı gözlədiklərini deyərək bildirib: “Təxminən dörd ildir buna hazırlaşırıq” və indi F-16 ilə real döyüş tapşırıqlarını yerinə yetirməyi səbirsizliklə gözləyir.

Samir

0