Donald Tramp ikinci prezidentlik müddətində — bir ildən bir qədər artıq vaxt ərzində — silahlı münaqişələrdə mühüm rol oynayan atəşkəs mexanizmini qlobal miqyasda zəiflətməyə nail olub.
HİT.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti Ukrayna ilə Rusiya arasındakı “nümayiş xarakterli” atəşkəsi təhlil edərkən yazıb.
Nəşr ABŞ-ın Notr-Dam Universitetinin Krok Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun professoru Madhav Coşiyə istinad edir. Onun hesablamalarına görə, 1989–2018-ci illər arasında dünyada 42 hərtərəfli sülh sazişi bağlanıb. Bu proseslər adətən atəşkəslə başlayıb və daha sonra orta hesabla 1570 gün davam edən texniki danışıqlar yekun sülh razılaşmasına gətirib çıxarıb.
Lakin tədqiqatçının fikrincə, Donald Tramp uzunmüddətli və detallı diplomatik işlə maraqlanmır. O, bu gün mediada səs-küylü nəticələr əldə etməyə üstünlük verir. Buna görə də Tramp həm Rusiya-Ukrayna müharibəsində, həm də Yaxın Şərqdəki qarşıdurmalarda istənilən atəşkəsi faktiki olaraq müharibənin sonu kimi təqdim edir və yaxın günlərdə yekun sülh sazişinin əldə olunacağını bildirir. Bununla da o, atəşkəsin sülh prosesinin ilk mərhələsi olması ideyasını gözdən salır.
“The New York Times” Yaxın Şərqdə vaxtaşırı zərbələrlə müşayiət olunan kövrək atəşkəsdən bəhs edir və qeyd edir ki, Vladimir Putinin 9 May münasibətilə elan etdiyi atəşkəs cəbhədə praktiki olaraq heç nəyi dəyişməyib — döyüş əməliyyatları davam edib.
Professor Coşinin sözlərinə görə, Rusiya ilə Ukrayna arasındakı son atəşkəsin uğurlu olması üçün əsas şərtlər çatışmayıb. Bunlara cəbhədə vəziyyətin müstəqil monitorinqi və möhkəm siyasi baza daxildir.
Corctaun Universitetinin professoru və ABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin baş elmi əməkdaşı Daniel Bayman hesab edir ki, bu vəziyyət Donald Trampın tətbiq etdiyi diplomatik yanaşmanın nəticəsidir. Onun sözlərinə görə, Tramp təcrübəli diplomat və məmurları prosesdən uzaqlaşdıraraq danışıqları yaxın dostlarına və ailə üzvlərinə həvalə edib.
“Prezident üçün atəşkəs artıq "sülh" deməkdir", deyə Bayman bildirib. O əlavə edib ki, Tramp üçün əsas məsələ bu gün “müsbət başlıqlar” əldə etməkdir. ABŞ prezidentini son il yarım ərzində Ukraynada müharibənin bitməsi ilə bağlı bir neçə dəfə vaxtından əvvəl optimist bəyanatlar verməsi narahat etmir.
Ukraynalı jurnalist və yazıçı Volodimir Yermolenko isə “The New York Times”a açıqlamasında bildirib ki, Rusiya Trampın bu yanaşmasından istifadə edir və “hesablanmış maskarad” taktikasına əl atır. Onun sözlərinə görə, Moskva yeni hücum əməliyyatlarına hazırlaşdığı halda bilərəkdən sülhə hazır olduğu görüntüsü yaradır.
Samir


