Qərb müşahidəçiləri və hərbi analitiklər hesab edirlər ki, Rusiya ilə Ukrayna arasında atəşkəs artıq yaxın ola bilər və ABŞ-də keçiriləcək aralıq seçkilər müharibənin taleyində əsas rol oynaya bilər.
HİT.az xəbər verir ki, bu barədə “Deutsche Welle” (DW) yazır.
“Cəbhə xəttində faktiki olaraq çıxılmaz vəziyyət yaranıb. Tərəflərdən heç biri ciddi ərazi uğuru əldə edə bilməyib, Ukrayna isə Rusiyanın dərinliklərində yerləşən neft ixracı infrastrukturuna hücumları gücləndirir. Eyni zamanda, Rusiya lideri Vladimir Putinin reytinqi kəskin şəkildə aşağı düşür”, deyə məqalədə qeyd olunur.
ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Kurt Volker bildirib ki, Ukrayna əvvəlki dövrlə müqayisədə daha güclü mövqedədir.
Onun sözlərinə görə, Kiyev Qərbdən silah tədarükündən asılılığını əhəmiyyətli dərəcədə azaldıb və artıq öz ehtiyaclarının “60–70 faizini” özü təmin edə bilir. Bu isə o deməkdir ki, ABŞ Avropa tərəfdaşları vasitəsilə silah tədarükünü dayandırsa belə, Ukrayna döyüşləri davam etdirə bilər.
Ukrayna Prezidenti Volodimir Zelenski yaxınlarda bildirib ki, payızda ABŞ-də keçiriləcək aralıq seçkilər yaxınlaşdıqca Donald Trampın Ukraynaya təzyiqləri arta bilər. Məqsəd Kiyevi Rusiyanın təklif etdiyi atəşkəs şərtlərini qəbul etməyə məcbur etməkdir. Lakin xarici siyasət üzrə ekspert və keçmiş Pentaqon əməkdaşı Evelin Farkas hesab edir ki, Zelenski bu təzyiqə tab gətirə biləcək.
Farkas və Volker razılaşırlar ki, noyabrda Nümayəndələr Palatasına keçiriləcək aralıq seçkilər kritik dönüş nöqtəsi olacaq. Onların fikrincə, bu seçkilər Trampın Respublikaçılar Partiyasındakı mövqelərini zəiflədə bilər.
“Bu, ABŞ hökumətinə təzyiq göstərmək və onu Ukrayna ilə NATO-ya dəstəyi davam etdirməyə məcbur etmək üçün kifayət edəcək”, deyə Farkas bildirib.
Bununla yanaşı, Rusiyadakı iqtisadi vəziyyət də Moskvanı mümkün sülh razılaşmasını nəzərdən keçirməyə sövq edə bilər.
Volker hesab edir ki, Rusiya heç vaxt Ukrayna ilə tamhüquqlu sülh sazişinə razı olmayacaq. Bununla belə, onun fikrincə, Putin atəşkəsə razılaşa bilər və “biz artıq bu məqama yaxınlaşırıq”.
O əlavə edib ki, indiyədək müharibənin dayandırılması ilə bağlı danışıqlar “fars” xarakteri daşıyıb. Lakin Rusiyada yaranan yeni şərait və ölkənin müharibədə verdiyi itkilər Putini daha ciddi qərarlar qəbul etməyə məcbur edə bilər. Volkerin fikrincə, zaman Moskvanın xeyrinə işləmir.
Ekspertlər dönüş nöqtəsinin qaçılmaz olduğu barədə həmfikir olsalar da, bunun nə vaxt baş verəcəyi ilə bağlı fərqli mövqedədirlər. Volker ilin sonuna qədər ciddi dəyişikliklərin mümkün olduğunu istisna etmir və bunun ehtimalını “təxminən 50 faiz” qiymətləndirir.
“2027-ci ildə ukraynalıların qələbəsini görəcəyik”, deyə Farkas bildirib.
Samir


