Xorvatiyanın Zadar şəhərinin müasir Relya rayonunda aparılan qazıntılar zamanı qədim Roma dövrünə aid məzarlar aşkar edilib. Bu tapıntılar bölgənin turist mərkəzinə çevrilməsindən çox əvvəlki həyatı barədə yeni məlumatlar ortaya qoyur.
HİT.az xəbər verir ki, bu barədə “Fox News” yazır.
Relya rayonu Adriatik sahilində yerləşən Zadarın ən canlı və müasir hissələrindən biridir. Ərazi həm sahil zolağı, həm də Roma dövrünə aid çoxsaylı tarixi abidələri ilə tanınır.
Zadar Universitetinin arxeologiya fakültəsinin məlumatına görə, tapılan nekropol eramızdan əvvəl I əsrdən eramızın V əsrinədək olan dövrə aiddir.
Tədqiqatçılar bildirir ki, müasir Relya rayonu qədim Roma Zadarı nekropolunun böyük hissəsinin üzərində yerləşir.
“Roma dövründə qəbiristanlıqlar şəhər divarlarından kənarda, əsas yollar boyunca yerləşirdi. İnsanlar təxminən 500 il ərzində ölülərini bu ərazilərdə dəfn ediblər”, deyə arxeoloqlar qeyd edir.
Relya ərazisinin daha geniş hissəsində əvvəllər də təxminən 3000 məzar aşkarlanıb. Bu gün burada ticarət mərkəzləri və müasir binalar yerləşir.
Zadar Universitetinin professoru İqor Borziç bildirib ki, yeni sahədə təxminən 15 qəbir tapılıb. Onun sözlərinə görə, tapıntılar dəfn adətlərinin zamanla necə dəyişdiyini göstərir.
“Eramızın I–II əsrlərində kremasiya daha geniş yayılmışdı”, deyə o bildirib.
Qəbirlərdə şüşə qablar, keramika əşyaları, yağ lampaları, sikkələr və digər ritual predmetlər aşkarlanıb.
II əsrdən etibarən isə torpaq dəfnləri daha çox yayılmağa başlayıb. Alim bunu dini və mədəni dəyişikliklərlə izah edir — bütpərəst ənənələrdən xristianlığın yayılmasına keçid dövrü.
Arxeoloqlar hesab edir ki, bu tapıntılar qədim İader (Zadarın Roma adı) əhalisinin Roma imperiyasının ümumi mədəni dəyişikliklərini yaxından izlədiyini göstərir.
Yeni qazıntılarda həmçinin Roma dövrünə qədər gedə biləcək liburn mədəniyyətinə aid ola biləcək bir məzar və eramızın II–III əsrlərinə aid yanmış qalıqlar da aşkar edilib.
Bütün tapıntılar laborator analizlərdən keçiriləcək və müvəqqəti sərgilərdə nümayiş etdiriləcək. Ərazidə XX əsrə aid, Zadarın İtaliya işğalı dövrü ilə bağlı əşyalar da tapılıb. Arxeoloqların fikrincə, bu, şəhərin müxtəlif dövrlərdə strateji əhəmiyyətini bir daha göstərir.
Samir


