Son günlərdə dünya gündəmində İranla bağlı gərginliyin bir qədər geri planda qaldığı müşahidə olunur.
Artıq İsrail və ABŞ tərəfindən İrana qarşı əvvəlki kimi mütəmadi təhdidlər eşitmirik. Rəsmi Tehran da analoji şəkildə addım atır. Bir müddət əvvəl müharibənin yenidən başlayacağı barədə iddialar yayılsa da tərəflər buna getmədi. Lakin razılaşmanın əldə olunmamasına baxmayaraq, sanki mövcud vəziyyət dondurulub. Yəni həm müharibə variantı seçilmir, həm də danışıqlar aparılmır.
Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan Hit.az-a açıqlamasında bildirib ki, əslində tərəflər arasında danışıqlar aparılır:
“ABŞ Prezidenti Donald Tramp, vitse-prezident Ceyms Devid Vens və başqa rəsmilərin iddialarına əsaslansaq, Tehranla Vaşinqton arasında danışıqlar gedir. Onlar, hətta bu istiqamətdə müəyyən irəliləyişə də nail olunduğunu deyirlər. Görünür ki, tərəflər arasında heç vaxt əlaqə qırılmayıb. İranla ABŞ arasında daim əlaqə olub. Bu əlaqələr narkotikə və terrora qarşı mübarizə, eləcə də digər sahələri əhatə edir”.
Ekspert düşünür ki, indi də tərəflər arasında İranın vəziyyətinə dair məsələ ətrafında müzakirələr davam etdirilir:
“Atəşkəsin müddətinin uzadılması da tərəflər arasında açıqlanmayan danışıqların davam etməsinin nəticəsidir. Hesab edirəm ki, Hörmüz boğazı ilə bağlı gərginlik də perspektivdə İran-ABŞ münasibətlərinin normallaşması istiqamətində həll ediləcək. Hazırda bu istiqamətdə də danışıqların getdiyi istisna olunmur”.
Elmir Mustafa



