İranın xarici işlər naziri Abbas Əraqçi Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) ABŞ və İsrailin İran İslam Respublikasına qarşı həyata keçirdiyi “təcavüzdə” birbaşa iştirakda ittiham edib.
HİT.az xəbər verir ki, bu barədə məlumat İran Xarici İşlər Nazirliyinin “Telegram” kanalında yayımlanıb.
Əraqçinin sözlərinə görə, bir gün əvvəl İsrailin baş naziri Binyamin Netanyahu İsrail, ABŞ və İran arasında gərginlik dövründə BƏƏ-yə və Əbu-Dabiyə səfər edib:
“Eyni zamanda məlum olub ki, onlar (BƏƏ-red.) bu hücumlarda (İrana qarşı-red.) iştirak ediblər və ola bilsin ki, birbaşa bizə qarşı hərəkət ediblər. Buna görə də BƏƏ bu təcavüzün aktiv iştirakçısıdır və bu, şübhəsizdir”, deyə Əraqçi bildirib.
12 mayda “The Wall Street Journal” nəşri mənbələrə istinadən yazmışdı ki, guya BƏƏ atəşkəsin elan edildiyi dövrdə İrana qarşı hücumlar həyata keçirib. “Reuters” agentliyi isə bundan əvvəl Səudiyyə Ərəbistanının İranın krallıq ərazisinə endirdiyi zərbələrə cavab olaraq İrana qarşı bir sıra gizli əməliyyatlar həyata keçirdiyini bildirmişdi.
28 fevralda ABŞ və İsrailin birgə İran əleyhinə hərbi əməliyyata başladığı, daha sonra İranın İsrailə, ABŞ bazalarına və Yaxın Şərqdəki neft infrastrukturuna raket və dronlarla cavab verdiyi qeyd olunur. Həmçinin İranın dünya neft daşımalarının təxminən 30%-nin keçdiyi Hörmüz boğazını bağladığı bildirilir.
Samir


