"İmpuls itirilib": Rubio Ukrayna və Rusiya arasında sülh danışıqlarından danışdı

DÜNYA
15:51 / 14.05.2026
42

ABŞ Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin diplomatik yolla başa çatdırılmasına yardım etməyə hazırdır və tərəflər arasında danışıqlar prosesinin bərpa olunacağına ümid edir. 

HİT.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio “Fox News” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, prezident Donald Tramp administrasiyası münaqişənin sülh yolu ilə həllində vasitəçi rolunu oynamağa hazır olaraq qalır.

Rubio qeyd edib ki, son aylarda danışıqlar “müəyyən qədər impulsunu itirib” və tərəflər getdikcə daha çox döyüş meydanındakı vəziyyətə və xarici iqtisadi amillərə güvənirlər.

Bununla yanaşı, ABŞ dövlət katibi yaxın vaxtlarda, xüsusilə də Rusiya rəhbərliyinin bəyanatlarından sonra Ukrayna və Rusiyanın yenidən dialoqa qayıdacağına ümid etdiyini bildirib.

“Ukraynalılar döyüş meydanındakı mövqelərinə getdikcə daha çox inanırlar; onlar qışı geridə qoyublar; ruslar isə neft qiymətlərinin artması səbəbindən müəyyən optimizm hiss edirlər. Lakin ümid edirik ki, istər Vladimir Putinin bəyanatı, istərsə də başqa səbəblər nəticəsində tezliklə hər iki tərəfin yenidən dialoqa başlayacağı mərhələyə çatacağıq. Biz isə vasitəçi rolunu üzərimizə götürməyə və bu prosesi sona çatdırmağa hazırıq”, deyə Rubio bildirib.

Rubio ayrıca vurğulayıb ki, tərəflər danışıqlara razılaşarsa, ABŞ effektiv vasitəçi rolunu yerinə yetirə biləcək yeganə ölkə olaraq qalır.

“Əgər başqa kimsə bunu sınamaq istəyirsə, buyursun. Amma hər iki tərəf davamlı olaraq bizə deyir ki, bunu edə biləcək yeganə tərəf bizik”, deyə dövlət katibi qeyd edib.

Samir

0