ABŞ Böyük Britaniya, İspaniya və İtaliyadakı hərbi qüvvələrini həmin ölkələrin İran məsələsində tutduğu mövqeyə görə azalda bilər.
HİT.az xəvər verir ki, bu barədə NATO-nun Avropadakı Birləşmiş Qüvvələrinin keçmiş baş komandanı Ceyms Stavridis “Bloomberg” agentliyi üçün yazdığı məqalədə bildirib.
“Almaniyadan əlavə, Trampın narazılığına Böyük Britaniya, İspaniya və İtaliya da səbəb olub. Çünki bu ölkələr ABŞ bazalarına tam giriş imkanı verməyiblər. Buna görə də bu vəziyyətin daha genişmiqyaslı dəyişikliklərin başlanğıcı olması tamamilə mümkündür və hətta ehtimal olunur”, deyə o qeyd edib.
Onun sözlərinə görə, ABŞ-ın hərbi iştirakının azaldılması İspaniyanın Rota limanında yerləşən hərbi gəmilərə, İtaliyadakı 173-cü hava-desant briqadasına və Böyük Britaniyadakı aviasiya eskadrilyalarına təsir göstərə bilər.
Stavridis vurğulayıb ki, ABŞ qoşunlarının Avropada sayının azaldılması Avropa müdafiəsinin inkişafını sürətləndirəcək və Avropa İttifaqı ölkələrinin hərbi xərclərini artıracaq. Bununla yanaşı, ABŞ-ın NATO və Avropa İttifaqı üzərində təsiri zəifləyə bilər.
“Qoşunların çıxarılmasının digər mümkün nəticələrindən biri — xüsusilə administrasiya İtaliya, Böyük Britaniya və İspaniyada qüvvələrin azaldılmasını davam etdirərsə — digər ölkələrin ABŞ qoşunlarını öz ərazilərində yerləşdirməyə marağının azalması olacaq”, deyə o əlavə edib.
Keçmiş baş komandan bildirib ki, ABŞ qoşunlarının xaricdə yerləşdirilməsi maliyyə xərcləri tələb edir, lakin onların yenidən ABŞ ərazisinə qaytarılması nəticə etibarilə daha baha başa gələ bilər. Onun fikrincə, xaricdə hərbi iştirakın üstünlükləri əksər hallarda çatışmazlıqları üstələyir. Bununla belə, Vaşinqton belə addım atmaq niyyətindədirsə, Stavridis bunu müttəfiqlərlə “ətraflı məsləhətləşmələrdən sonra” etməyi tövsiyə edib.
ABŞ prezidenti Donald Tramp 29 aprel tarixində Almaniyadakı Amerika hərbi kontingentinin azaldılması niyyətini açıqlamışdı. Daha sonra məlum olmuşdu ki, ABŞ bir il ərzində Almaniyadan təxminən 5 min hərbçisini çıxarmağı planlaşdırır. Almaniyanın müdafiə naziri Boris Pistorius isə Avropanın öz təhlükəsizliyinə görə daha böyük məsuliyyət daşımalı olduğunu bildirmişdi.
“Bloomberg”in mənbələrinin sözlərinə görə, NATO daxilində ABŞ qoşunlarının yalnız Almaniyadan deyil, digər ölkələrdən də çıxarılacağı gözlənilir. Bununla belə, NATO-nun baş katibi Mark Rütte 13 mayda qeyd edib ki, ABŞ-ın Avropadakı hərbi iştirakı hələ də “çox böyükdür” və Vaşinqtonun müttəfiqlərinə “aydın sadiqliyini” nümayiş etdirir.
“The Wall Street Journal” qəzeti isə yazıb ki, ABŞ gözlənilmədən Polşaya zirehli briqada göndərilməsi planını dayandırıb. Bu addım ABŞ-ın Avropadakı hərbi iştirakını azaltmaq istiqamətində növbəti qərar kimi qiymətləndirilir.
Samir


