Sergey Şoyqu Ukraynada müharibənin başa çatması üçün şərtlər irəli sürdü

DÜNYA
16:40 / 14.05.2026
42

Rusiya Təhlükəsizlik Şurasının katibi, keçmiş müdafiə naziri Sergey Şoyqu bildirib ki, Ukraynada davamlı sülh yalnız “münaqişənin bütün ilkin səbəbləri aradan qaldırıldığı halda” mümkündür. 

HİT.az xəbər verir ki, Şoyqunun sözlərinə görə, sülhə nail olmaq üçün Ukrayna “bloklara qoşulmayan, neytral və nüvəsiz əsaslara qayıtmalıdır”.

“Bizi Ukraynanın nüvəsiz və bloklara qoşulmayan ölkə kimi tam və yekun şəkildə geri qayıtması maraqlandırır. Ən vacibi isə odur ki, bu, öz ərazisində yaşayan vətəndaşların hüquqlarına hörmət edən ölkə olmalıdır. Bu baxımdan bizi, əlbəttə ki, rus dilində danışan, öz dillərində danışmaq hüququndan məhrum edilən insanlar maraqlandırır”, deyə o bildirib.

Şoyqu həmçinin Ukraynanı razılığa gələ bilməməkdə ittiham edib və bunun səbəbinin Avropa İttifaqı və NATO tərəfindən göstərilən dəstək olduğunu söyləyib.

UNIAN-ın məlumatına görə, Kreml sülh danışıqlarının başlanması üçün şərt irəli sürüb. Kremlin sözçüsü Dmitri Peskov mayın 13-də bildirib ki, bunun üçün Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinə “Rusiya regionlarının” ərazisini tərk etmək əmri verməlidir. Onun sözlərinə görə, “həmin anda atəşkəs qüvvəyə minəcək və tərəflər sakit şəkildə danışıqlara başlaya biləcəklər”. Peskov əlavə edib ki, danışıqlar “qaçılmaz olaraq çox mürəkkəb olacaq və çoxlu vacib detalları əhatə edəcək”.

Bu yaxınlarda Rusiya prezidenti Vladimir Putin də Rusiya–Ukrayna müharibəsinin guya sona yaxınlaşdığını bəyan etmişdi: “Mən düşünürəm ki, Ukrayna münaqişəsi başa çatmağa doğru gedir”.

Bununla belə, Almaniyanın müdafiə naziri Boris Pistorius hesab edir ki, Putinin “sülh” barədə açıqlamalarına inanmaq olmaz. Onun fikrincə, Rusiya prezidenti çox vaxt “daxili problemlərdən qaynaqlanan aldatma və manevrlərdən istifadə edir”.

Samir
 

0