Avropada günəş enerjisi yay aylarında artıq elektrik istehsalının ən böyük mənbəyinə çevrilib. Lakin bu sürətli artım yeni bir problemi ortaya çıxarıb: enerji infrastrukturunun inkişafı bu templə ayaqlaşmır.
HİT.az xəbər verir ki, "Bloomberg"in məlumatına görə, istehsal gücü artır, amma maliyyə gəlirliliyi azalır və enerji şəbəkələri həddindən artıq yükləndiyi üçün böyük həcmdə elektrik israf olunur.
Bu yaz Almaniya, Böyük Britaniya və Fransa kimi əsas bazarlarda günəş enerjisi istehsalı rekord səviyyəyə çatıb və yaxın aylarda daha da artacağı gözlənilir.
Bəzi hallarda bölgə istehlak edə biləcəyindən daha çox elektrik istehsal olunur. Nəticədə günəşli günlərdə elektrik stansiyaları saatlarla söndürülür.
Hesablamalara görə, yaxın aylarda təxminən 40 teravat-saat enerji itirilə bilər — bu, Londona bir il kifayət edəcək qədər elektrik deməkdir. Bu göstərici 2025-ci illə müqayisədə 25% daha çoxdur.
Həddindən artıq enerji nəticəsində bəzi saatlarda qiymətlər sıfırdan aşağı düşür. Almaniya və Fransada tariflər bəzən -500 €/MWh səviyyəsinə qədər enir.
Bu il təxminən 80 giqavat yeni günəş gücünün əlavə olunacağı gözlənilir — bu, hər saniyə təxminən altı günəş panelinin quraşdırılmasına bərabərdir.
Artıq enerji səbəbilə Avropa şəbəkə operatorları günəş stansiyalarını məcburi şəkildə məhdudlaşdırır. İspaniyada birinci rübdə günəş enerjisinin təxminən 16%-i dayandırılıb.
Almaniyada bu göstərici 7%-dən 13%-ə yüksəlib. Bəzi şirkətlər isə elektrik qiyməti mənfi olduqda özləri stansiyaları söndürürlər.
Şəbəkə operatorları tərəfindən dayandırılan stansiyalar adətən kompensasiya alır. Almaniyada bu xərclər əvvəlcə dövlət büdcəsi, daha sonra isə istehlakçılar tərəfindən qarşılanır.
Mütəxəssislər hesab edir ki, problem əsasən enerji şəbəkələrinin gücləndirilməsi və akkumulyator sistemlərinin inkişafı ilə həll oluna bilər.
Avropa Komissiyasına görə, 2040-cı ilə qədər şəbəkə infrastrukturuna təxminən 1,2 trilyon avro investisiya lazımdır. Eyni zamanda enerji saxlama gücü dörd dəfə artırılmalıdır.
Çinli SANY şirkəti Rumıniyada iki günəş parkı və enerji saxlama sistemi daxil olmaqla 1 milyard avrodan çox investisiya planlaşdırır.
Almaniya, Fransa və İspaniyada günəş pik saatlarında elektrik qiymətləri hətta mənfiyə düşür, axşam isə istehlakçılar daha yüksək qiymət ödəyir.
Samir


