Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Səudiyyə Ərəbistanı və Qətəri İranın hücumlarına qarşı koordinasiyalı hərbi cavab vermək üçün koalisiyaya cəlb etməyə çalışıb, lakin bu cəhd uğursuz olub.
HİT.az xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, BƏƏ prezidenti şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Fars körfəzi ölkələrinin liderləri ilə bir sıra telefon danışıqları aparıb. Bu danışıqlar ABŞ və İsrailin 28 fevralda İrana endirdiyi zərbələrdən sonra baş tutub.
Abu-Dabi tərəfi İranın region üçün ciddi təhlükə yaratdığını əsas gətirərək birgə hərbi koordinasiya və çəkindirmə mexanizmi qurulmasını təklif edib. İran isə cavab olaraq region ölkələrinə yüzlərlə dron və raketlə hücum edib.
Lakin “Bloomberg”in mənbələrinə görə, Səudiyyə Ərəbistanı və Qətər hərbi koalisiyaya qoşulmaqdan imtina ediblər. Onlar münaqişənin birbaşa onlara aid olmadığını bildirərək daha çox deeskalasiya və diplomatik yanaşmanı üstün tutublar.
Bu mövqe regionda ölkələr arasında gərginliyin artmasına səbəb olub və xüsusilə BƏƏ ilə Səudiyyə Ərəbistanı arasında münasibətlərdə soyuqluq yaradıb.
Eyni zamanda, BƏƏ-nin İran təhlükəsinə qarşı daha geniş regional müdafiə sistemi yaratmaq istədiyi, Körfəz Əməkdaşlıq Şurasının da məhz belə risklərə cavab olaraq formalaşdırıldığı qeyd edilir.
Bununla belə, regionun bir sıra ölkələri — Qətər, Küveyt və Bəhreyn daxil olmaqla — birbaşa hərbi müdaxilədən çəkinərək gərginliyin azaldılması siyasətini seçib.
Samir

