Ukrayna istehsalı pilotsuz uçuş aparatları İran ərazisində 200 kilometr dərinliyə qədər “zərbə zonası” yarada bilər.
HİT.az xəbər verir ki, bu barədə “Financial Times” yazır.
Ukraynalı müdafiə şirkəti “Fire Point”in həmtəsisçisi Denis Ştilerman bildirib ki, belə bir sistem Ukrayna cəbhəsində tətbiq olunan modelə bənzər şəkildə qurula bilər.
Onun sözlərinə görə, kamikadze dronların müəyyən ərazilərdə daimi növbədə saxlanılması ilə İranın sahilyanı bölgələri və 200 kilometr dərinliyə qədər əraziləri nəzarət altında saxlamaq mümkündür.
Ştilerman əlavə edib ki, eyni yanaşma Qara dəniz və Baltik dənizində Rusiya neft tankerlərinin fəaliyyətini məhdudlaşdırmaq üçün də istifadə oluna bilər, lakin bunun üçün Qərb tərəfdaşlarının siyasi razılığı tələb olunur.
Məlumata görə, Körfəz ölkələri bu ideyanı müsbət qarşılayıb, lakin ABŞ-ın icazəsi olmadan həyata keçirməyin mümkün olmadığını bildiriblər.
Şirkətin nümayəndəsi həmçinin “Fire Point”in aylıq təxminən 200 “Flamingo” raketi istehsal etdiyini, lakin istehsalın artırılması üçün əlavə sifariş və maliyyəyə ehtiyac olduğunu deyib. O, mühərriklə bağlı müəyyən texniki məhdudiyyətlərin də mövcud olduğunu qeyd edib.
Hazırda şirkətin FP-7 və FP-9 adlı qısa və orta mənzilli raketləri sınaq mərhələsindədir. Onların müvafiq olaraq 300 km və 850 km uçuş məsafəsinə malik olduğu bildirilir.
Eyni zamanda qeyd olunur ki, bu texnologiyalar gələcəkdə Moskva hədəflərinə qədər məsafəni də əhatə edə bilər.
Məqalədə həmçinin ABŞ və Ukraynanın müdafiə sahəsində yeni əməkdaşlıq memorandumu hazırladığı və Ukrayna dron texnologiyalarının ABŞ şirkətləri ilə birgə istehsal oluna biləcəyi qeyd edilir.
Samir


