ABŞ-ın kağız üzərində sanksiyaları: Rusiya qadağan olunmuş qaz ixracını artırmağa hazırlaşır

DÜNYA
14:58 / 18.05.2026
40

Rusiya ABŞ sanksiyaları altında olan layihələrdən mayeləşdirilmiş təbii qaz (LNG) ixracını artırmaq üçün “kölgə donanmasını” genişləndirir. 

HİT.az xəbər verir ki, "Bloomberg"in məlumatına görə, əvvəllər Omandakı ixrac zavoduna xidmət göstərən dörd tanker hazırda “Arktik LNG-2” layihəsindən yükləmə həyata keçirir.

Gəmi izləmə sistemlərinin məlumatına əsasən, “Kosmos” adlı tanker Rusiya Federasiyasının qərbində, Murmansk yaxınlığında sanksiya siyahısına daxil edilmiş “Saam” üzən anbarının yanında lövbər salıb. Bu anbar “Arktik LNG-2” zavodunda istehsal olunan yanacağı saxlayır.

Daha sonra tankerin daha dərin suya oturacaq şəkildə limanı tərk etməsi onun yükləndiyini göstərir.

“Merkuri”, “Orion” və “Luch” adlı digər üç gəminin də ya artıq yükləndiyi, ya da “Saam” anbarına yaxınlaşdığı bildirilir. “Merkuri” bu ayın əvvəlində həmin anbarda yanacaq alaraq hazırda Atlantik okeanında Asiyaya doğru hərəkət edir. “Orion” anbara doğru istiqamət alıb, “Luch” isə yaxınlıqda yerləşir.

Məlumata görə, bu dörd tanker “kölgə donanması”na aid xüsusiyyətlər daşıyır: onlar nisbətən köhnə gəmilərdir və son vaxtlar az tanınan şirkətlərə ötürülüblər.

“Equasis” məlumat bazasına əsasən, “Kosmos” fevral ayında Honq-Konqda qeydiyyatdan keçmiş “Mighty Ocean Shipping Ltd” şirkətinə keçib. “Orion” və “Merkuri” “Celtic Maritime & Trading SA” şirkətinə, “Luch” isə Rusiya şirkəti “Abakan” MMC-yə verilib. Əvvəllər bu gəmilər Oman Ship Management Co. tərəfindən idarə olunurdu.

"Bloomberg"in analitikasına görə, hazırda sanksiya altında olan Rusiya LNG layihələrindən qaz daşınması üçün ən azı 20 tanker istifadə edilir.

Rusiya genişmiqyaslı işğaldan sonra neft və qaz ixracını sanksiyalardan yan keçirmək üçün “kölgə donanması” formalaşdırıb. Məlumatlara görə, bu donanma minlərlə gəmiyə qədər genişlənib və Qərb ölkələri vaxtaşırı siyahını yeniləyir.

Bununla belə, Rusiya alternativ yollarla ixracını davam etdirir və LNG daşımalarında da oxşar tendensiya müşahidə olunur.

Samir


 

0