ABŞ donanması raket çatışmazlığı ilə üzləşə bilər

DÜNYA
17:50 / 18.05.2026
43

ABŞ Hərbi Dəniz Qüvvələri arsenalında olan 2 000-dən çox “Tomahawk” qanadlı raketin yaxın illərdə istismardan çıxarılan platformalar səbəbindən itirilməsi təhlükəsi ilə üzləşə bilər. 

HİT.az xəbər verir ki, bu barədə "19FortyFive" nəşri yazıb.

Məlumata görə, əsas problem “2 080 qanadlı Tomahawk raketinin yaxın zamanda istifadədən çıxacağı və ABŞ Hərbi Dəniz Qüvvələrinin Ohio sinifli strateji sualtı qayıqlarını döyüş vəziyyətində saxlamağa çalışmasıdır”. Bu iri atom sualtı qayıqları SSGN tipli platformalar kimi unikal döyüş imkanlarına malikdir.

Analitiklərin qeyd etdiyinə görə, ABŞ Hərbi Dəniz Qüvvələrinin hər bir Ohio sinifli idarə olunan raket daşıyan SSGN sualtı qayığı 154-ə qədər “Tomahawk” raketi daşıya bilir. Hər bir belə platformada 22 buraxılış qurğusu yerləşir və hər qurğu 7 raket daşımaq imkanına malikdir.

Hazırda ABŞ Hərbi Dəniz Qüvvələri bu sinifdən olan 4 SSGN sualtı qayığını istismar edir. Lakin onların yaşının yüksək olması (1980-ci illərin əvvəllərində inşa edilib) və yüksək istismar xərcləri səbəbindən həm bu gəmilərin, həm də Ticonderoga sinifli kreyserlərin mərhələli şəkildə silinməsi planlaşdırılır.

Məlumata görə, bu proses nəticəsində ABŞ donanması eyni anda 2 080 buraxılış qurğusunu itirə bilər. Analitiklər bunu “ABŞ Hərbi Dəniz Qüvvələrinin asanlıqla əvəz edə bilmədiyi böyük raket boşluğu” kimi qiymətləndirirlər.

Pentaqon bu boşluğu Virginia (Block V) sinifli yeni sualtı qayıqlarla kompensasiya etməyi planlaşdırır. Lakin hər bir belə sualtı qayığın təxminən 40 raket daşıya bilməsi Ohio sinfi ilə müqayisədə xeyli aşağı göstəricidir. Nəticədə eyni döyüş gücünə çatmaq üçün bir neçə platformanın eyni vaxtda istifadəsi tələb olunur ki, bu da logistika baxımından çətinlik yaradır.

Yeni sualtı qayıqların tam vaxtında hazır olmaması səbəbindən ABŞ Hərbi Dəniz Qüvvələrinin 2030-cu illərə qədər “boşluq dövrü” ilə üzləşə biləcəyi bildirilir. Bu müddət ərzində sualtı zərbə imkanlarının təxminən 60 faiz azala biləcəyi qeyd olunur.

Məlumata görə, riskləri nəzərə alan komandanlıq USS Ohio və USS Michigan sualtı qayıqlarının planlaşdırılan istismardan çıxarılmasını təxirə salmaq qərarına gələ bilər. Onların yeni platformalar hazır olana qədər xidmətini davam etdirməsi ehtimal edilir.

Samir

0