Əsirlikdə yetişdirilən duzlu su timsahları vəhşi təbiətə buraxıldıqda, öz ərazilərində qalır və əvvəlki evlərinə qayıtmırlar.
HİT.az xəbər verir ki, bu barədə "Discoverwildlife" yazıb.
Əksər heyvanlar qida axtarışı zamanı yuvalarına və ya sığınacaqlarına qayıtmaq kimi qısa məsafəli oriyentasiya davranışı göstərir. Digərləri isə aylarla davam edə bilən uzunmüddətli miqrasiyalar edir.
Dəniz timsahları isə xüsusilə güclü istiqamət hissi ilə tanınır. Təbiətdə tutulub başqa əraziyə köçürülən fərdlər çox vaxt əvvəlki yaşayış yerlərinə qayıtmağa çalışır.
Murdox Universitetindən Ru Somaveera bildirib ki, uzun müddət əsirlikdə saxlanıldıqdan sonra təbiətə buraxılan timsahların bu davranışı necə göstərdiyi tam aydın deyil.
Bu sualı araşdırmaq üçün komanda Sundarban manqrov meşəsinə buraxılmış beş işarələnmiş dəniz timsahını bir neçə ay ərzində izləyib.
Onlardan üçü — Cülyetta, Madxu və Potiya — təbiətə buraxılmazdan əvvəl səkkiz ildən çox əsirlikdə saxlanılmışdı. Onlar əvvəlki yaşayış yerlərindən 25 kilometrdən çox məsafədə azad edilsələr də, geri qayıtmağa heç bir cəhd göstərməyiblər. Əvəzində onlar kiçik və sabit ərazilərdə məskunlaşıblar.
Dördüncü timsah Harbariya isə gecə təbiətdə tutulub, səhər eyni yerə geri buraxılmışdı. Onun hərəkət modeli əsirlikdən gələn fərdlərlə oxşarlıq göstərib ki, bu da onların yeni mühitə tez uyğunlaşa bildiyini göstərir.
Beşinci timsah isə daha fərqli davranış sərgiləyib. Conqra 2022-ci ildə Şariatpur bölgəsində bir kənddə tutulub, 16 ay yarı-təbii şəraitdə saxlanıldıqdan sonra Sundarbana, ilkin tutulduğu yerdən 130 kilometr uzağa buraxılıb. O, gündə 30 kilometrdən çox məsafə qət edərək geniş hərəkət aktivliyi nümayiş etdirib ki, bu da “evə qayıdış” davranışına xas əlamətlərdir.
Tədqiqat nəticələri göstərir ki, köçürülmüş timsahlar əvvəlki yerlərinə qayıtmaq meylini saxlayır, lakin əsirlikdə yetişdirilən fərdlər uyğun yaşayış mühitində daha sabit məskunlaşa bilir.
Ru Somaveera qeyd edib: “Nəticələr göstərir ki, gənc və yetkin, əsirlikdə yetişdirilmiş timsahların təbiətə buraxılması vəhşi populyasiyaların gücləndirilməsi üçün işlək strategiya ola bilər”.
Samir


