Rusiya NATO ölkələrindən birini "qərarvermə mərkəzlərinə zərbələr"lə hədələyir

DÜNYA
14:34 / 19.05.2026
46

Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) Latviyaya qarşı sərt bəyanatla çıxış edərək, “Latviya ərazisində yerləşən qərarvermə mərkəzlərinin koordinatlarının məlum olduğu”nu iddia edib.

HİT.az-ın məlumatına görə, bəyanatda həmçinin “ədalətli cavab” hədəsi yer alır və qeyd olunur ki, NATO üzvlüyü belə bu cavabdan qorumağa kifayət etməyəcək.

Rusiya tərəfi Latviyanı guya Ukraynaya öz ərazisindən Rusiya hədəflərinə dron buraxmağa icazə verməkdə ittiham edir. SVR-in iddiasına görə, Ukrayna Baltik ölkələrinin təqdim etdiyi hava dəhlizlərindən istifadə etməklə yanaşı, dronların birbaşa bu ölkələrin ərazisindən də buraxılması planlaşdırılır.

Bəyanatda Latviya ərazisində yerləşən “Adazi”, “Seliya”, “Lielvarde”, “Dauqavpils” və “Ekabpils” adlı beş hərbi bazanın adı çəkilir və orada guya ukraynalı hərbçilərin yerləşdirildiyi iddia olunur.

Daha əvvəl Rusiyanın Ukraynaya hücumu zamanı bəzi dronların Latviyanın ərazisinə düşdüyü bildirilmişdi. İki pilotsuz uçuş aparatı Latqaliya bölgəsinə düşüb, onlardan biri Rēzekne yaxınlığında neft bazası ərazisinə çırpılıb. Digər dronun düşdüyü yer isə hələ müəyyən edilməyib.

Samir

0