Gərginlik böyüyür: ABŞ Kubaya qarşı hərbi əməliyyata başlayır?

DÜNYA
15:00 / 19.05.2026
117

ABŞ ilə Kuba arasındakı gərginlik bitmək bilmir.

Hətta tərəflər arasındakı münasibətlər daha da gərginləşib. Artıq ABŞ-nin Kubaya qarşı hərbi əməliyyat həyata keçirə biləcəyinə dair iddialar yayılıb. Amerika mediasının məlumatına əsasən, Kubaya qarşı hərbi əməliyyat ehtimalı kifayət qədər yüksəkdir.

Maraqlıdır, ABŞ Kubaya qarşı hərbi müdaxilə edə bilərmi?
    
AĞ Partiya sədrinin birinci müavini, politoloq Əhəd Məmmədli Hit.az-a açıqlamasında bildirib ki, ABŞ hazırda Kubanı işıqsız qoyub:


“Başqa vaxtı insan hüquqlarından, insan azadlığından və ya sivilizasiyadan danışırlar, özlərini sivil dünyanın mərkəzi adlandırırlar, amma bir ölkəni işıqsız qoyublar. ABŞ rəhbərliyi Kuba hakimiyyəti ilə yola getməyə bilər, lakin hakimiyyəti cəzalandırmaq üçün bir xalqı işıqsız qoymaq vicdansızlıqdır. Hərçənd ki, bunu Rusiya və ya Çin etsəydi, ABŞ kəskin etiraz edərdi”.

Politoloqun sözlərinə görə, ABŞ Kubada Venesuela ssenarini təkrarlaya bilər:
“ABŞ Kuba liderini öldürə və ya Venesuela prezidenti Nikolas Maduro kimi qaçıra bilər. Lakin Kuba hərbi təcrübə baxımından Venesueladan daha hazırlıqlı ölkədir. Hətta uğursuz olsalar da, Venesuelanın prezidentini kubalı mühafizəçilər qoruyurdu. 

Yəni bu da Kubanın Venesuela ilə müqayisədə bu məsələlərdə hazırlıqlı olduğunun göstəricisidir. Buna baxmayaraq, ABŞ Kubaya qarşı hansısa addım ata bilər”.

Ekspert qeyd edib ki, ABŞ Kubaya qarşı hərbi müdaxilə edə bilər:
“Nəzərə almaq lazımdır ki, İranla müharibədən sonra ABŞ Prezidenti Donald Trampın reytinqi düşüb. İndi ona hansısa balaca bir qələbə lazımdır. Ona görə də Kubanı hədəf seçib. Üstəlik, ABŞ xüsusi təyinatlıların qısamüddətli əməliyyatları uğurlu olur. 

Hətta bu məsələdə Amerika dünyada bir nömrə sayılır. Lakin ABŞ uzunmüddətli müharibələrdə axsayır. Hesab edirəm ki, Ağ Ev xüsusi təyinatlıların peşəkarlığından və hazırlıqlı vəziyyətindən istifadə edib Kubada da hansısa bir əməliyyatın keçirilməsi əmrini verə bilər”.

Elmir Mustafa

0