İnanılmaz bir hesablama xətası bütün bir peyki necə zibilə çevirdi?

DÜNYA
22:53 / 20.05.2026
56

Kosmos kəşflərində milyardlarla dollarlıq büdcələr və illərlə davam edən mühəndislik işləri bəzən çox sadə bir detal səbəbindən dəqiqələr içində boşa gedə bilir. İnsanlıq Qırmızı planetin sirlərini açmaq üçün "Vikinq"dən "Perseverance"a qədər uzanan bir çox uğurlu layihəyə imza atsa da, bu parlaq uğurların arxasında tarixə keçən böyük faciələr də mövcuddur.

HİT.az xəbər verir ki, xüsusilə 1999-cu ilin son ayları ABŞ Aeronavtika və Kosmos İdarəsi üçün sözün əsl mənasında bir kabusa çevrilib. Ardıcıl baş verən iki böyük qəza qurumun tarixində həm maliyyə, həm də nüfuz baxımından ən ağır dövrlərdən birini formalaşdırıb.

Hər şey iki planet arasındakı məsafənin buraxılış üçün ən uyğun olduğu 26 aylıq xüsusi dövrün dəyərləndirilməsi ilə başlayıb. NASA bu əlverişli zaman pəncərəsində Mars Surveyor ’98 adı altında iki fərqli kosmik aparatı ardıcıl şəkildə kosmosa göndərib. Bu missiyalardan biri sonradan Mars Climate Orbiter adlandırılacaq iqlim müşahidə peyki idi. Planlamaya görə, bu peyk Mars atmosferinin yuxarı qatlarını əyləc kimi istifadə edərək sürətini azaldacaq və səthdən təxminən 226 kilometr yüksəklikdə sabit orbitə yerləşəcəkdi. Lakin hadisələr planlandığı kimi getməyib.

23 sentyabr 1999-cu ildə orbitə giriş manevrinə başlayan peyklə əlaqə birdən kəsilib. Sonradan aparılan texniki araşdırmalar kosmos mühəndisliyi tarixində iz buraxan bir proqram səhvini üzə çıxarıb. Agentliyin öz komandaları bütün hesablamalarda beynəlxalq standart olan metrik sistemdən istifadə etmişdi. Lakin aparatın istehsalçısı “Lockheed Martin” tərəfindən hazırlanmış yer idarəetmə proqramı itələmə qüvvəsini “libra-fors” (ingilis ölçü sistemi) ilə hesablayırdı. Təxminən 4,5 qat fərq yaradan bu uyğunsuzluq səbəbindən peyk istiqamətini itirərək orbitə girmək əvəzinə Mars səthinə çox yaxınlaşıb. Sürətini azaltmağa imkan tapmayan aparat nazik Mars atmosferinin yaratdığı sürtünməyə tab gətirə bilməyərək parçalanıb.

Bu şok itki hələ təzə ikən dekabr ayının əvvəlində ikinci bir zərbə daha gəlib. Qütb bölgəsinə eniş etməli olan Mars Polar Lander eniş ardıcıllığı zamanı tamamilə susub. Mütəxəssislərin texniki analizləri bu dəfə mexaniki siqnal səhvini göstərib. Eniş ayaqlarının açılması zamanı yaranan silkələnmə əsas kompüter tərəfindən “yerə toxundu” kimi qəbul edilib. Bu yanlış siqnal səbəbindən mühərriklər aparat hələ səthdən təxminən 40 metr yüksəklikdə ikən söndürülüb. Nəticədə sərbəst düşərək səthə çırpılan və hələ də qalıqları tapılmayan bu aparatla birlikdə NASA-nın milyonlarla dollarlıq ikiqat layihəsi kosmik tullantıya çevrilib.

Samir
 

0