Ukrayna mənbələrinə görə, Rusiya tərəfindən Baltik ölkələrinin guya Rusiya ərazisinə hücumlarda iştirak etməsi ilə bağlı ittihamlar Moskvanın NATO-ya qarşı ikinci cəbhə açmağa hazırlığının tərkib hissəsi ola bilər.
HİT.az-ın məlumatına görə, hərbi şərhçi Denis Popoviç Radio NV efirində bildirib ki, bu ssenari “yaxın vaxtlarda” baş verə bilər və bunun üçün artıq müəyyən şərtlər formalaşır.
Onun sözlərinə görə, ABŞ siyasətindəki dəyişikliklər və Donald Trampın ritorikası NATO daxilində parçalanma ehtimalını artırır. Ekspert hesab edir ki, Vaşinqtonun mümkün böhran zamanı müttəfiqlərə tam dəstək verməyəcəyi ilə bağlı siqnallar Rusiya prezidenti Vladimir Putin üçün əlverişli şərait yaradır.
Popoviçin fikrincə, bu vəziyyət 2026-cı ildə ABŞ-da keçiriləcək seçkilərə qədər davam edə bilər və həmin dövrdə Moskva üçün “pəncərə imkanları” formalaşır.
Ekspert əlavə edib ki, Rusiya NATO ölkələrinə qarşı açıq hərbi müdaxilə ilə yanaşı, hibrid ssenariləri də nəzərdən keçirə bilər.
Onun sözlərinə görə, bu ssenarilərdən biri 2014-cü ildə Krımda tətbiq olunan modelə bənzər əməliyyat ola bilər. Digər mümkün variant isə Baltik ölkələrinə, Finlandiyaya, İsveçə və Polşaya qarşı pilotsuz uçuş aparatları ilə zərbələrdir.
Rusiya tərəfi isə Latviya ilə bağlı iddialar irəli sürərək, guya bu ölkənin Ukraynaya dron hücumları üçün öz ərazisini təqdim etdiyini bildirib və Latviyaya qarşı təhdid xarakterli açıqlamalar verib.
Bundan başqa, Rusiya mayın 19-da Belarusda keçirilən və 21 mayadək davam edən nüvə təlimlərinə qoşulduğunu açıqlayıb. Təlimlərdə 64 mindən çox hərbçi və minlərlə hərbi texnikanın iştirak etdiyi bildirilir.
Samir


