Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalının başlamasından dörd il sonra NATO-nun şərq cinahında yerləşən ölkələrin rəsmiləri getdikcə daha çox hesab edir ki, alyansın gələcəyi artıq Ukrayna döyüş meydanında yenidən yazılır.
HİT.az “Fox News”a istinadən xəbər verir ki, pilotsuz sistemlərdən istifadə, kibermüdafiə, mülki dayanıqlılıq və genişmiqyaslı hərbi səfərbərlik sahəsində Ukraynanın təcrübəsi NATO-nu gələcək müharibələrin aparılması üsullarını yenidən nəzərdən keçirməyə məcbur edir. Şərqi Avropa rəsmilərinin fikrincə, Ukrayna artıq dünyanın ən döyüş qabiliyyətli ordularından birinə çevrilib.
Bu günlərdə NATO-nun baş katibi Mark Rütte Ukrayna Prezidenti Volodimir Zelenskinin iyul ayında Ankarada keçiriləcək illik NATO sammitinə dəvət olunduğunu təsdiqləyib. Bu isə Ukraynanın alyans üzvü olmamasına baxmayaraq, NATO-nun gələcəyində nə qədər mərkəzi rol oynadığını göstərir.
NATO-nun gələcəyi ilə bağlı müzakirələr alyansın xarici işlər nazirlərinin İsveçdə keçirilən görüşündən sonra daha da intensivləşib. ABŞ dövlət katibi Marko Rubio qarşıdakı sammiti “NATO tarixində liderlərin ən mühüm görüşlərindən biri” adlandırıb.
NATO Ukraynanın “sürətini” mənimsəməlidir
Rubio bildirib ki, NATO mümkün gələcək münaqişələr üçün kifayət qədər sursat istehsal gücünə malik deyil.
ABŞ ordusunun istefada olan general-leytenantı Riçard Nyuton da bu narahatlığı bölüşərək qeyd edib ki, Pentaqon Ukraynanın hərbi-sənaye kompleksinin sürətli uyğunlaşmasını diqqətlə öyrənir.
“Bir sıra ölkələr həm keyfiyyət, həm də cəbhədə silah sayının sürətlə artırılması baxımından Ukraynanın müdafiə sənayesinin transformasiyasını nümunə götürür”, – deyə Nyuton bildirib.
Onun sözlərinə görə, ABŞ da öz sənaye bazasını dəyişdirərək ordunu illərlə deyil, aylar və hətta həftələr ərzində yeni imkanlarla təmin etməyə çalışır.
ABŞ Avropada qalır
Marko Rubio həmçinin ABŞ Prezidenti Donald Trampın Polşadakı Amerika qoşunlarının saxlanılacağı barədə bəyanatına istinad edib. Bu açıqlama NATO-nun şərq cinahında ABŞ qüvvələrinin azaldılması ilə bağlı narahatlıqlar fonunda verilib.
Polşanın xarici işlər naziri Radoslav Sikorski Trampın bəyanatını alqışlayaraq bildirib:
“Prezident Trampa təşəkkür edirəm ki, ABŞ qoşunlarının Polşadakı mövcudluğu əvvəlki səviyyədə qalacaq. Düşünürəm ki, bu, Putini ciddi şəkildə narahat edir”.
NATO genişlənir, baxmayaraq ki, Moskva buna qarşı idi
Məqalədə qeyd olunur ki, NATO-nun gələcəyi ilə bağlı müzakirələr Moskva üçün müəyyən ironiyanı da özündə daşıyır. Çünki Kremlin rəhbəri Vladimir Putinin işğaldan əvvəl əsas narazılıqlarından biri NATO-nun şərqə doğru genişlənməsi və Ukraynanın alyansa yaxınlaşması idi.
Moskva dəfələrlə NATO-dan hərbi mövcudluğunu 1997-ci il səviyyəsinə endirməyi tələb edib və Ukraynanın alyansa üzvlüyünə qarşı çıxıb. Lakin müharibə əksinə, NATO-nun genişlənməsini sürətləndirib.
Finlandiya 2023-cü ildə, İsveç isə 2024-cü ildə NATO-ya qoşulub. Bununla da Şimali Avropada təhlükəsizlik siyasəti köklü şəkildə dəyişib.
Təkcə Finlandiyanın alyansa qoşulması NATO ilə Rusiya arasındakı sərhədi 1285 kilometr artırıb.
Polşanın müdafiə nazirinin müavini Pavel Zalevski bildirib ki, NATO uzun illər əsasən ekspedisiya əməliyyatlarına və terrorla mübarizəyə fokuslanıb:
“Müasir müharibə əsasən dronlarla aparılır. Dünyada bugünkü döyüş meydanını Ukraynadan daha yaxşı anlayan ordu yoxdur”.
Ukrayna ordusu Avropanın ən döyüş qabiliyyətli qüvvələrindən birinə çevrilib
NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin keçmiş ali komandanı, istefada olan general Filip Bridlav bildirib ki, Ukraynadakı müharibə müasir savaş anlayışını kökündən dəyişib.
“Ukraynadakı müharibə yalnız NATO-nun deyil, bütün dünyanın müasir müharibə haqqında düşüncəsini dəyişdi”, – deyə Bridlav vurğulayıb.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri uzun illər Rusiya ilə mübarizə apararaq Avropanın ən güclü və döyüş qabiliyyətli ordularından birinə çevrilib. Bu, Ukraynanın 1994-cü il Budapeşt Memorandumuna əsasən nüvə arsenalından imtina etməsinə baxmayaraq baş verib.
“Bu gün bir çoxları hesab edir ki, Ukrayna sadəcə müdafiə olunmur, dünyanın ən güclü hərbi qüvvələrindən birinə qarşı ərazilərini geri qaytarır”, – deyə Bridlav qeyd edib.
Hazırda Ukrayna dronlar, antidron sistemləri, sahə rabitəsi və silah istehsalı üzrə sürətlə inkişaf edən hərbi innovasiya ekosistemi formalaşdırıb. NATO və Avropa hərbçiləri bu təcrübəni diqqətlə öyrənirlər.
“Dron müharibəsi” yeni reallıq yaradır
Bridlav bildirib ki, müharibə ənənəvi hava üstünlüyünün məhdudiyyətlərini üzə çıxarıb və pilotsuz sistemlərin inkişafını sürətləndirib.
“Ukraynadakı müharibə əsasən müasir döyüş aviasiyasının dəstəyi olmadan aparılır. Çünki Rusiya Hərbi Hava Qüvvələri uğursuz oldu. Buna görə də dron müharibəsi bu qədər sürətlə inkişaf etdi”, – deyə o bildirib.
ABŞ diqqətini başqa bölgəyə yönəldir
Pavel Zalevskinin sözlərinə görə, Pentaqon hazırda Polşa rəsmilərinin “NATO 3.0” adlandırdığı model üzərində işləyir. Bu modelə əsasən, Avropa öz konvensional müdafiəsinə daha çox cavabdeh olacaq, ABŞ isə diqqətini Çin və Hind-Sakit okean regionuna yönəldəcək.
“Bu konsepsiyanın əsas ideyası odur ki, Avropa ənənəvi müdafiəsini özü təmin etməlidir”, – deyə o bildirib.
Bu dəyişiklik fonunda Polşa hərbi xərclərini kəskin artıraraq NATO-nun şərq cinahında əsas hərbi güclərdən birinə çevrilir. Varşava bu il müdafiəyə ÜDM-in təxminən 5 faizini ayırıb ki, bu da NATO üzrə ən yüksək göstəricidir.
Polşa rəsmiləri hesab edir ki, Şərqi Avropa ölkələri Rusiyadan gələn təhlükəni Qərbi Avropadan daha əvvəl düzgün qiymətləndiriblər.
Polşanın xarici işlər nazirinin müavini Marçin Bosatski bildirib:
“Şərq cinahı beş il əvvəlkindən qat-qat güclüdür. Biz Putin rejiminin mahiyyəti və Rusiyanın aqressiv strategiyası barədə haqlı idik”.
Hazırda Ukrayna NATO üzvü deyil və alyans Rusiya ilə birbaşa qarşıdurma riskinə görə Kiyevə konkret üzvlük tarixi təqdim etmir. Bununla belə, Şərqi Avropada bir çox rəsmilər hesab edir ki, NATO-nun gələcəyi formal üzvlükdən asılı olmayaraq Ukrayna ilə sıx bağlı olacaq.
Samir


