Dünyanın ən böyük böcəyi titulu uğrunda iki nəhəng növ mübarizə aparır və onların hər birinin uzunluğu 15 santimetrdən çoxdur.
HİT.az xəbər verir ki, “BBC Wildlife Magazine” nəşri bu növlər haqqında məlumat verib.
Ən böyük böcəklərdən biri Gerkules böcəyi (“Dynastes hercules”) hesab olunur. O, gücü ilə məşhur mifoloji qəhrəman Heraklın şərəfinə adlandırılıb.
Bu növ cinsi dimorfizmlə fərqlənir – erkək və dişilər xarici görünüşcə bir-birindən seçilir. Nəşrin məlumatına görə, erkəklər daha iri olur və çox böyük qara buynuzlara malikdir.
Nəşr bildirir ki, erkək Gerkules böcəkləri bu buynuzlardan dişilərlə cütləşmək hüququ uğrunda digər erkəklərlə döyüşlərdə istifadə edir. Onların bədən uzunluğu buynuzlarla birlikdə 19 sm-ə çata bilər.
Maraqlıdır ki, Gerkules böcəyi zərərsizdir. O, əsasən çürüyən meyvələrlə qidalanır, sürfələri isə ölü ağac materialını yeyir. Bu növə Cənubi və Mərkəzi Amerikada rast gəlinir.
Dünyanın ən böyük böcəyi adına ikinci iddiaçı nəhəng titan uzunbuynuzlu böcəkdir (“Titanus giganteus”). Onun bədən uzunluğu 16,7 sm-ə qədər ola bilər.
Nəşrin qeyd etdiyinə görə, bu böcəyin dişləməsi son dərəcə güclüdür və o, hətta qələmi iki yerə sındıra bilər.
Nəhəng titan uzunbuynuzlu böcəyə də Cənubi Amerikada rast gəlinir. Yetkin fərdlər qidalanmır və yalnız sürfə dövründə topladıqları yağ ehtiyatı hesabına yaşayırlar.
Daha əvvəl “BBC Wildlife Magazine” Onymacris unguicularis böcəyi haqqında məlumat yayıb. Bu növ dünyanın ən quraq yerlərindən biri olan Namib səhrasında yaşaya bilir.
Namib səhrasında ildə cəmi təxminən bir santimetr yağıntı düşür. Lakin bu, Onymacris unguicularis üçün problem deyil, çünki onun bədəni su toplamaq qabiliyyətinə malikdir.
Samir


