Kainatın uzaq guşələrində yerləşən planetlər artıq sadəcə işıq nöqtəsi kimi deyil, öz atmosfer xüsusiyyətləri ilə öyrənilə bilən obyektlərə çevrilib.
HİT.az xəbər verir ki, alimlər bu yad dünyaların atmosferini analiz edərək sanki hava proqnozu hazırlaya biləcək səviyyəyə çatıb. Son nümunə isə Yerdən təxminən 690 işıq ili uzaqda yerləşən WASP-94A b adlı nəhəng qaz planetidir.
Yupiterdən daha yüngül olsa da ondan daha geniş ölçüyə sahib olan planet aşağı sıxlıqlı, şişkin atmosferə malikdir. Bu isə astronomlara daha detallı müşahidə aparmağa imkan verir. Con Hopkins Universitetindən astrofizik Saqnik Mukherjinin rəhbərlik etdiyi komanda Ceyms Uebb Kosmik Teleskopu ilə apardığı tədqiqatda planetin atmosfer dinamikasını ətraflı şəkildə ortaya çıxarıb.
WASP-94A b öz ulduzuna çox yaxın orbitdə döndüyü üçün “qravitasiya kilidi” vəziyyətindədir. Yəni planetin bir üzü daim gündüzü, digər üzü isə daimi gecəni yaşayır.
Uzun müddət alimlərin əsas suallarından biri belə planetlərdə atmosferin sabit olub-olmaması və ya güclü hava axınlarının mövcudluğu idi. Yeni tədqiqat ikinci ehtimalı təsdiqləyib. Məlumatlara görə planetin səhər tərəfi sıx buludlarla örtülür, axşam hissəsi isə daha açıq görünür. Lakin bu buludlar Yerdəki kimi su damcılarından ibarət deyil – onların tərkibində dəmir və maqnezium silikat kimi ərimiş minerallar var.
Planetin qaranlıq tərəfi daha soyuq olduğu üçün mineral qazlar kondensasiya edərək qalın bulud qatları yaradır. Daha sonra güclü külək sistemləri işə düşür. Gündüz və gecə tərəfi arasındakı böyük temperatur fərqi ekvator boyunca çox güclü hava axınları yaradır.
Bu küləklər qaranlıq tərəfdə yaranan mineral buludlarını səhər zonasına daşıyır və yeni işıqlanan hissəni buludlarla örtür. Lakin buludlar 1500 Kelvin-dən yüksək temperaturda olan gündüz tərəfinə çatdıqda bu strukturlar sürətlə buxarlanır. Nəticədə axşam tərəfində səma daha təmiz görünür.
Tədqiqatçılar Ceyms Uebb teleskopunun infraqırmızı ölçmələrində səhər hissədə sıx bulud qatları, axşam bölgəsində isə daha açıq atmosfer və su buxarı siqnalları müşahidə ediblər. Güclü küləklər səbəbindən ağır mineral hissəciklər belə aşağı çökmədən atmosferdə daşınmağa davam edir.
Araşdırmanın ən diqqətçəkən hissəsi analiz metodları ilə bağlıdır. Alimlər uzun illər ekzoplanet atmosferlərini bütöv şəkildə qiymətləndirirdilər. Lakin WASP-94A b üzərində aparılan yeni analiz bu yanaşmanın ciddi yanlış nəticələrə gətirib çıxara biləcəyini göstərib.
Köhnə metodla məlumatlar yenidən təhlil edildikdə oksigen və ağır elementlərin miqdarının əslindən təxminən 100 dəfə çox göstərildiyi məlum olub. Bu isə əvvəllər öyrənilmiş bir çox ekzoplanetin kimyəvi tərkibinin səhv interpretasiya edilmiş ola biləcəyini ortaya qoyur.
Samir


