Kanadanın Alberta əyalətində yerləşən St. Paul şəhəri ölkənin yüz illiyi münasibətilə həyata keçirdiyi qeyri-adi layihə ilə tanınır. Bu layihə çərçivəsində inşa edilən və bu gün də mövcud olan uçan naməlum obyektlər (UNO) eniş platforması, zamanla simvolik bir sülh və açıq fikir rəmzinə çevrilib.
HİT.az xəbər verir ki, 1967-ci ildə Kanada yüz illiyini qeyd edərkən St. Paul şəhəri federal hökumətin dəstəyi ilə dünyanın ilk UNO eniş sahəsini tikib. Layihə rəsmi və ciddi bir təşəbbüs kimi başladılıb və qısa müddətdə həyata keçirilib.
Platforma altı ədəd 75 santimetrlik beton sütun üzərində yerləşdirilən dairəvi bir quruluşdan ibarətdir. Dairə formasının seçilməsi həmin dövrdə UNO anlayışının əsasən uçan dairə kimi təsəvvür edilməsindən qaynaqlanırdı.
Açılış mərasimi böyük ictimai maraqla qarşılanıb və şəhər əhalisinin iştirakı ilə festival ab-havasında keçib. O dövrə aid görüntülərdə sakinlərin layihəyə böyük maraq göstərdiyi görünür. Hətta bəzi yerli təşəbbüslərlə “Mars Ekspresi” adlı avtobus belə hazırlanaraq layihəyə dəstək məqsədi ilə təqdim olunub.
Layihənin məqsədi yalnız simvolik tikili yaratmaq deyildi. Eniş platformasının yanında yerləşdirilən lövhədə bu ideyanın daha geniş bir mesaj daşıdığı qeyd olunur: insanlığın kosmosu münaqişələrdən uzaq, sülh məkanı kimi görməsi və gələcəkdə mümkün kosmik ziyarətçilərə açıq olma ideyası.
Bu gün St. Pauldakı UNO eniş sahəsi turistlər üçün maraqlı bir məkan olaraq qalır. Ərazidə kiçik bir muzey, kosmos mövzulu dekorasiyalar və ziyarətçi mərkəzi də fəaliyyət göstərir.
Samir


