ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton Rusiya–Ukrayna müharibəsinin sona çatması üçün vasitəçilik rolunu yenidən üzərinə götürməyə və prosesə töhfə verməyə hazırdır.
HİT.az xəbər verir ki, bu barədə “Radio Svoboda”nın jurnalisti Aleks Raufoglu X platformasında məlumat yayıb.
Rubionun sözlərinə görə, Ağ Ev nəticə əldə etmək üçün “mümkün olan hər şeyi etməyə” hazırdır. O, Ukraynaya qarşı həyata keçirilən son kütləvi hücumların müharibənin nə qədər ağır nəticələr doğurduğunu bir daha göstərdiyini bildirib.
“Bu cür genişmiqyaslı zərbələri gördükcə, bu müharibənin nə qədər dəhşətli olduğunu və niyə bitməli olduğunu bir daha xatırlayırıq. ABŞ bu müharibənin sonlanmasına kömək etmək üçün əlindən gələni etməyə hazırdır və ümid edirik ki, gələcəkdə yenidən vasitəçi rolunu oynamaq imkanı yaranacaq”, deyə Rubio qeyd edib.
Dövlət katibi həmçinin Rusiya xarici işlər naziri Sergey Lavrovla telefon danışığını şərh edərək, Lavrovun Rusiya prezidenti Vladimir Putinin ABŞ prezidenti Donald Trampa mesajını çatdırdığını bildirib. Rubio həmin mesajın artıq “aidiyyəti üzrə çatdırıldığını” deyib.
O, Rusiyanın Kiyevə qarşı “sistemli zərbələr” hədəsinə dair sualı cavablandırarkən bunun müharibə şəraitində eskalasiya riskinin təbii olduğunu bildirib.
“Nəzarətsiz eskalasiya riski bütün müharibələrdə mövcuddur”, deyə o əlavə edib.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi Ukraynanın Kiyev şəhərində yerləşən hərbi sənaye müəssisələrinə qarşı “sistemli zərbələr” endiriləcəyi barədə açıqlama vermiş, xarici diplomatik nümayəndəliklərə isə Kiyevi tərk etmə çağırışı etmişdi. Bu açıqlamalar Ukrayna tərəfi tərəfindən şantaj kimi qiymətləndirilib.
Samir


