Rusiya freqatı aylardır La-Manşda üzür, lakin London ələ keçirməyə tələsmir

DÜNYA
17:20 / 26.05.2026
40

Rusiya Prezidenti Vladimir Putinin “kölgə donanması” Qərbin sərt bəyanatlarına baxmayaraq, Böyük Britaniya sahilləri yaxınlığında maneəsiz fəaliyyətini davam etdirir. Məlumata görə, Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus “Admiral Qriqoroviç” freqatı təxminən iki aydır Böyük Britaniya sahilləri yaxınlığında patrul aparır və Rusiya “kölgə donanması”na aid tankerleri müşayiət edir.

HİT.az “Telegraph”a istinadən xəbər verir ki, Qara dəniz donanmasına aid olan gəmi aprel ayından bəri La-Manş boğazında və İngiltərənin şərq sahilləri yaxınlığında dəfələrlə müşahidə olunub. Bildirilir ki, freqat bu müddət ərzində ondan çox Rusiya tankerini, yardımçı gəmiləri və bir sualtı qayığı Böyük Britaniya ətrafı sulardan müşayiət edib.

Bununla belə, Kral Donanması tərəfindən birbaşa ələ keçirmə əməliyyatı həyata keçirilməyib. Hətta bəzi hallarda Rusiya gəmisinin Britaniya ərazi sularına daxil olduğu qeyd olunur.

Britaniya hökumət dairələri bildirir ki, baş nazir Kir Starmer daha əvvəl Rusiya “kölgə donanmasına” qarşı daha sərt tədbirlər vəd etsə də, bu cür addımlar hüquqi və diplomatik risklər yarada bilər.

Eyni zamanda, hərbi mənbələr mümkün dəniz insidentinin qarşısını almaq üçün ehtiyatlı yanaşmanın seçildiyini qeyd edir. Məlumata görə, Britaniya donanmasının bir hissəsi monitorinqi dəstəkləyən yardımçı gəmilərin üzərinə düşür, bu isə aktiv hərbi gəmilərin çatışmazlığı ilə əlaqələndirilir.

Məlumata əsasən, “Admiral Qriqoroviç” yaxınlığında Rusiya yardımçı gəmisi də müşahidə olunub. Həmin gəminin freqatı dənizdə yanacaqla təmin edə biləcəyi ehtimal edilir. Bu zaman gəminin “Galloper” adlı külək elektrik stansiyası yaxınlığında olduğu bildirilib.

Britaniya tərəfi isə Rusiya gəmisinin daim nəzarətdə saxlandığını açıqlayıb. Monitorinqdə HMS Tyne, HMS Mersey və HMS Severn patrul gəmiləri, eləcə də Wildcat helikopterləri iştirak edib.

Böyük Britaniyanın müdafiə naziri Con Hili son aylarda regionda Rusiya hərbi gəmilərinin aktivliyinin təxminən 30% artdığını bildirib.

Samir

0