Ukrayna dron operatorları bildiriblər ki, Almaniya hələ də Rusiyanın Ukraynada apardığı müharibə tipinə hazır deyil. Onların fikrincə, Berlin köhnəlmiş yanaşmalara — pilotsuz sistemlər əvəzinə tanklara — daha çox üstünlük verir.
HİT.az xəbər verir ki, bu barədə “Euronews” yazır.
413-cü pilotsuz sistemlər alayının “RAID” bölməsinin kapralı Dmitro Jluxtenko Berlində keçirilən brifinqdə bildirib ki, müasir müharibə o qədər dəyişib ki, köhnə doktrinalar artıq işləmir. Onun sözlərinə görə, dronlar mərhələli şəkildə alınmalıdır, çünki texnologiya sürətlə dəyişir, lakin hərbi doktrina dərhal yenilənməlidir.
“Bu, daha çox yanaşma və doktrina məsələsidir. Müharibə aparmağın bəzi üsulları bizim fikrimizcə artıq köhnəlib”, deyə o bildirib.
Jluxtenko qeyd edib ki, hazırda dünyada dron müharibəsini həqiqətən anlayan iki ordu var: Ukrayna və Rusiya. Almaniya isə bu siyahıya daxil deyil.
Bölmə komandirinin müavini kapitan Oleksandr Voytko Bundesverin iki əsas problemini qeyd edib. Birincisi, orduda FPV-kamikadze və bombardman dronları çatışmır — Ukraynada Rusiya piyadasının təxminən 80 faizinin məhz bu tip dronlarla məhv edildiyi bildirilir. İkincisi isə mövcud dronların sayı azdır və onları idarə edən təlimli operatorlar kifayət etmir.
Voytko bunu sadə müqayisə ilə izah edib: orduya nə qədər güllə lazımdırsa, bir o qədər dron da lazımdır: “Güllə istehsalı asandır. Amma bu o demək deyil ki, onları yalnız son anda istehsal edəcəksən. Son an — artıq atəş açılan andır. Heç kim o son anın nə vaxt olacağını bilmir".
Ukrayna zabitləri Almaniyaya dəstək təklif edir. Kapitan Markiyan Yatsinyak bildirib ki, Kiyev döyüş təcrübəsi olan sertifikatlı təlimçiləri Almaniyaya göndərməyə və ya alman hərbçilərini Ukraynada hazırlamağa hazırdır.
Məlumata görə, artıq 2026-cı ilin fevralında iki ölkə bu istiqamətdə razılaşma imzalayıb. Ukrayna hərbçiləri Müstern və İnholştadt şəhərlərində Bundesver əsgərlərinə dron taktikası və antidron müdafiəsi üzrə təlim keçir.
Alman ordusunun general-leytenantı Kristian Froydinq bildirib ki, dronlardan istifadə əsgərlər üçün “ikinci təbiətə” çevrilməlidir və bu sahədə ən yaxşı müəllimlər hazırda ukraynalılardır.
Bundan əvvəl Almaniyanın Ukraynanın “Flaminqo” uzaqmənzilli raketlərinə maraq göstərdiyi bildirilmişdi. Eyni zamanda iki ölkə dronların birgə istehsalı barədə də razılaşıb. Müdafiə naziri bildirib ki, uzaqmənzilli dronların inkişafı Ukraynanın hərbi infrastrukturunu qorumaqda həlledici rol oynayır.
Samir


