Böyük Britaniya ordusunun ehtiyatda olan polkovniki Hemiş de Bretton-Qordon 24 Kanal-a müsahibəsində bildirib ki, müharibədə əsas dəyişiklik Ukraynanın sülh dövründə olan ölkədən real döyüş aparan dövlətə çevrilməsi olub.
HİT.az xəbər verir ki, onun sözlərinə görə, 2022-ci illə müqayisədə vəziyyət tamamilə dəyişib: o zaman Ukrayna demək olar necə döyüşəcəyini bilmirdi” və kiçik orduya malik idi. Lakin qısa müddətdə ölkə özünə uyğun döyüş modelini formalaşdıra bilib.
“Hazırda Ukrayna ordusunda xidmət edənlərin əksəriyyəti 2022-ci ildə mülki şəxs idi. Ənənəvi hərbi hazırlıq uzun vaxt tələb edir, amma sizin etdiyiniz transformasiya və innovasiyaların sürəti heyrətamizdir. Dronlardan istifadəni ən effektiv şəkildə məhz Ukrayna öyrəndi”, deyə o bildirib.
Polkovnik qeyd edib ki, dron texnologiyası təkcə inkişaf etməyib, həm də tam yeni mərhələyə keçib: Ukrayna minlərlə kilometr məsafəyə uça bilən, düşmən kəşfiyyatından yayınan və hava hücumundan müdafiə sistemlərini yarıb keçən dronlar hazırlayıb. Onun fikrincə, bu səviyyəyə dünyanın heç bir ordusu hələ çatmayıb və Britaniya hərbçiləri Ukrayna təcrübəsindən öyrənməyə çalışır:
“Rusiya da müəyyən irəliləyiş əldə edib, amma Ukraynanın göstərdiyi səviyyəyə yaxın deyil”.
Polkovnikin sözlərinə görə, söhbət yalnız texnologiyadan deyil, həm də strategiya və hədəf seçimi sistemindən gedir. Onun fikrincə, Ukrayna Müdafiə Nazirliyi və xüsusi xidmətlər dərin zərbələr üçün hədəfləri müəyyən edən yeni yanaşma formalaşdırıb. Bu isə Rusiyanın ən həssas nöqtələrinə təsir edir və onu tədricən tükəndirir.
O, həmçinin bildirib ki, Ukrayna hazırda təşəbbüsü ələ alıb və hərbi tarixdə təşəbbüsün tərəfdə olması çox böyük üstünlük sayılır:
“Ukrayna təşəbbüsü ələ alıb və bu, mühüm dönüş nöqtəsidir. Bu, yavaş hərəkət edən, lakin dayanmadan irəliləyən nəhəng bir tanker kimidir".
Məlumata görə, hazırda müharibədə əsas istiqamət “boz zona”nın – cəbhə xəttindən onlarla, hətta yüzlərlə kilometr dərinlikdəki ərazilərin – nəzarət altına alınması uğrunda mübarizədir. Ukrayna işğal olunmuş ərazilərdə logistikanı çətinləşdirərək Rusiya təchizat xətlərinə zərbə vurur.
Analitiklər bildirirlər ki, Ukrayna əvvəlcə 15–30 km dərinlikdə “boz zona” yaradırdı, indi isə bu məsafəni 150 km-ə qədər genişləndirməyə çalışır.
Eyni zamanda Rusiya ərazisinə dron hücumlarının sayı artır və ilin sonuna qədər bu zərbələrin daha da genişlənəcəyi proqnozlaşdırılır.
Samir


